Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Dövlət Komissiyası humanitar öhdəliklərin icrasını davam etdirir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Dövlət Komissiyası humanitar öhdəliklərin icrasını davam etdirir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikir Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədovun AZƏRTAC-a məxsusi müsahibəsində yer alıb. Müsahibəni təqdim edirik.
- Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının açıqladığı məlumata əsasən, 2020-ci il dekabrın 14-də “hamının-hamıya” prinsipi ilə növbəti humanitar proses həyata keçirilib. Proseslə bağlı oxuculara əlavə məlumat verə bilərsinizmi?
- Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin imzaladıqları 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn vəzifələrdən biri əsir və girovların, meyitlərin humanitar məqsədlərlə dəyişdirilməsinin təmin olunmasıdır.
Tərəflər ilk növbədə döyüş bölgəsində qalmış hərbçilərin meyitlərinin ərazilərdən götürülməsi prosesinə başlayıblar. Bu istiqamətdə işlər Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə həyata keçirilir. Proses başlayandan bu günədək döyüş bölgəsindən 314 Azərbaycan hərbçisinin, 775 Ermənistan hərbçisinin meyiti çıxarılıb. Hazırda bu proses davam etdirilir.
Digər vacib vəzifə isə əsir və girovların “hamının-hamıya” prinsipi əsasında azad edilməsidir. Dövlətimizin başçısı İlham Əliyevin göstərişi ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 2020-ci il dekabrın 14-də Azərbaycan Respublikasının 14 vətəndaşı erməni əsirliyindən və girovluğundan azad edilərək Bakıya gətirilib. Onlardan 12 nəfəri Vətən müharibəsində müxtəlif səbəblərdən əsir düşmüş, digər 2 nəfər isə 2014-cü ilin iyul ayında Kəlbəcər rayonu ərazisində girov götürülərək qeyri-qanuni həbs edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevdir. Azad edilmiş vətəndaşlarımız hazırda dövlətimiz tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə edilməklə müayinə və müalicə olunur, sağlamlıqlarını bərpa edirlər.
- Bu, 2020-ci il sentyabrın 27-dən sonra tərəflər arasında həyata keçirilmiş ilk humanitar proses idi?
- Xeyr, bu qeyd etdiyiniz tarixdən sonra tərəflər arasında həyata keçirilmiş ilk humanitar proses deyil. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə humanizm prinsiplərindən çıxış edərək birtərəfli qaydada Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iştirakı, ATƏT-in və BQXK-nın vasitəçiliyi ilə Dövlət Komissiyası cari ilin 29 oktyabr, 2 dekabr, 9 dekabr və 11 dekabr tarixlərində 9 ermənini qarşı tərəfə təhvil verib. Həmin proseslər zamanı Azərbaycan tərəfi humanizm prinsiplərinə hörmətlə yanaşaraq, ilk növbədə yaşlı insanları qeyd-şərtsiz azad edib, onların öz yaxınlarına qovuşmasını təmin edib.
- Bütövlükdə sentyabrın 27-dən sonra ümumilikdə neçə erməni azad olunub?
- Keçirilmiş bütün humanitar proseslərdə bütövlükdə 54 erməni azad edilib. Onlardan 6 nəfəri 2020-ci il sentyabrın 27-dən əvvəl Azərbaycan ərazisində saxlanılmış şəxslərdir. Bundan başqa, Ermənistan silahlı qüvvələrinin geri çəkilərkən döyüş bölgəsində köməksiz vəziyyətdə qoyub getdikləri ağır xəstə olan 2 nəfər yaşlı erməni mülki şəxs Azərbaycan tərəfindən yerləşdirildikləri xəstəxanada aldıqları müalicəyə və həkimlərin hərtərəfli səylərinə baxmayaraq, vəfat etdikləri üçün meyitləri beynəlxalq təşkilatların vasitəçiliyi ilə qarşı tərəfə təhvil verilib.
- Azərbaycan Respublikasının digər humanitar öhdəliklərinin icrası barədə nə demək olar?
- Azərbaycan Respublikası 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyalarına hələ müstəqilliyinin ilk illərində, 1993-cü ildə qoşulub, beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərə və humanizm prinsiplərinə daim sadiq olub.
Ermənistan Respublikasının hərbi təxribat əməlləri ilə bağlı Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başladığı 2020-ci il sentyabrın 27-dən sonra Azərbaycan hərbçilərinə təslim olmuş Ermənistan hərbçiləri və döyüş bölgəsindən təxliyyə olunmuş mülki şəxslər Cenevrə Konvensiyalarının tələblərinə əsasən, dərhal internə edilib, saxlanma şəraiti, onlarla davranış, qida, su təminatı və yaralıların müalicə hüquqları tam təmin olunub.
Dövlət Komissiyası əsir düşmüş Ermənistan hərbçiləri və saxlanılan şəxslər barədə məlumatları müntəzəm qaydada BQXK-ya təqdim edib, qurum əməkdaşlarının onlara baş çəkmələrinə hərtərəfli şərait yaradıb. Həmçinin əsirlərin və saxlanılan şəxslərin öz yaxınlarına məktub yazmasına, bəzilərinin video ismarıclar göndərməsinə, o cümlədən telefon əlaqəsi saxlamalarına imkanlar yaradılıb.
- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində neçə vətəndaşımız itkin düşmüşdür? Onların sonrakı taleyinin aydınlaşdırılması sahəsində hansı işlər aparılır?
- Əvvəlcə, xüsusi vurğulamaq lazımdır ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin qurbanı olmuş bütün vətəndaşlarımız, o cümlədən itkin düşmüş şəxslərlə bağlı məsələ daim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir.
Hazırda Dövlət Komissiyasında birinci Qarabağ müharibəsinin nəticələrinə görə 3890 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Dövlət Komissiyası itkin düşmüş bütün vətəndaşlarımızın axtarışı sahəsində zəruri tədbirləri davam etdirir.
Bu iş həm də aidiyyəti beynəlxalq təşkilatlarla birlikdə həyata keçirilir. BQXK-nın Azərbaycandakı nümayəndəliyi ilə Dövlət Komissiyası arasında imzalanmış “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” çərçivə sazişinə əsasən, son illərdə bu iş daha intensiv aparılır. Saziş çərçivəsində itkinlərə aid 3600-dən çox sorğu anketi toplanılıb, məlumatlar elektron məlumat bazasına daxil edilib.
Zəruri olan digər vacib iş isə itkin düşənlərin ailələrindən bioloji (DNT) nümunələrin götürülməsi ilə bağlıdır. Son illər ərzində 3 minə yaxın bioloji nümunə toplanaraq müvafiq qaydada sənədləşdirilib.
- Humanitar proseslər bundan sonra da davam edəcəkmi?
- Əlbəttə, üçtərəfli Bəyanata uyğun olaraq, humanitar proseslər bundan sonra da davam edəcəkdir. Dediyim kimi, döyüş bölgəsində qalmış hər iki tərəfə aid hərbçilərin meyitlərinin ərazilərdən götürülməsi prosesi beynəlxalq vasitəçiliklə davam etdirilir.
Bundan başqa, hazırda Azərbaycan Respublikasının beynəlxalq təşkilatların da qeydiyyata aldığı 3 vətəndaşı Ermənistanda əsir-girovluqda saxlanılır. Azərbaycan həmin vətəndaşlarının da azad edilərək qaytarılmasını Ermənistandan tələb edir.
- Sonda bir sual da vermək istərdik. Sosial şəbəkələrdə yayılan videolarda bəzi azərbaycanlı hərbçilərin əsir götürülərkən müxtəlif təzyiqlərə, təhqirlərə və işgəncələrə məruz qalmaları əks olunur. Sizcə buna hansısa hüquqi qiymət verilməlidirmi?
- Vətən müharibəsi zamanı Ermənistan beynəlxalq humanitar hüquq normalarının, insan hüquqlarının, həmçinin özünün də qoşulduğu Cenevrə Konvensiyalarının öhdəliklərinə məhəl qoymayaraq birinci Qarabağ müharibəsində olduğu kimi, azərbaycanlı əsirləri beynəlxalq təşkilatlardan gizlətmək yolunu tuturdu, onlar haqqında vaxtında məlumat vermirdi, həyatlarına təhlükəli qaydada qeyri-insani rəftar etməkdən belə çəkinmirdi. Bununla bağlı erməni hərbçilərinin özlərinin qeydə aldıqları təkzibolunmaz videomateriallar və fotolar da mövcuddur.
Artıq qeyd etdiyimiz kimi, 14 vətəndaşımız əsirlik və girovluqdan azad olunaraq Vətənə gətirilib. Əlbəttə ki, qanunvericiliklə müəyyən olunmuş prosedur qaydalara əsasən həmin şəxslərin sorğusu keçirilir, onların iştirakı ilə əhəmiyyət kəsb edən hallara dair ibtidai araşdırma hərəkətləri icra edilir, zəruri ekspertizalar aparılır. Bu tədbirlər yekunlaşdırıldıqdan sonra müvafiq qanuni qərarlar qəbul olunacaqdır.