Şəhid olmaq əbədi həyat qazanmaq deməkdir - FOTOLAR
Ramil dünən məktəbdə ona öyrətdiyimiz Azərbaycan tarixinin yeni, şanlı səhifəsini öz qanı ilə yazan igidlərdən biri oldu.
Dedik: “Qəhrəmanlıq yatır məzarda,
Həqiqi qəhrəman indi sözdədir”.
Qəhrəman aradıq xeyli kənarda,
Bilmədik qəhrəman içimizdədir.
Onun şəhadətindən sonra Bəxtiyar Vahabzadənin bu misraları hər gün qulağımda təkrar-təkrar cingildəyir. Hər dəfə sinfə girəndə ən sonuncu partada oturan o sakit, utancaq oğlan gözümün önündə canlanır. Kim deyərdi ki, dərs dediyim o sinifdən nə vaxtsa hər kəsi heyrətdə qoyan, adı dillərdə dastana çevrilən cəsur, qorxmaz bir qəhrəman çıxacaq, başımızı göylərə ucaldacaq... Sən demə, elə gözümüzün qabağındaca bir igid, qəhrəman böyüyürmüş... Sadəcə, biz bunun fərqində olmamışıq... Kim deyərdi ki, sakit təbiəti, dərin düşüncəli baxışları ilə hər zaman diqqətimi cəlb edən bu oğlan illər sonra Vətənimizin işğal altında olan torpaqlarının azadlığı uğrunda silaha sarılacaq, bu yolda şəhidlik zirvəsinə yüksələcəkdir... Kim deyərdi ki, hər dəfə Xocalı soyqırımından söz düşəndə hirsindən rəng alıb rəng verən, haldan-hala düşən bu oğlan, vaxt gələcək, azad etdiyi Qarabağla birlikdə tapdalanan qürurumuzu da bizlərə qaytaranlar sırasında olacaqdır... Söhbət 2007-2011-ci illərdə Babək rayon Güznüt kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat dərsi dediyim, bu gün isə şəhidlik mərtəbəsinə yüksələn şəhid leytenant Ramil Əliyevdən gedir.
Qəhrəman şəhidimiz – Əliyev Ramil Qurban oğlu 1996-cı il martın 22-də Babək rayonunun Güznüt kəndində anadan olub. 2003-cü ildə Babək rayon Güznüt kənd orta məktəbinin birinci sinfinə daxil olub. Ramilin düşmənə sonsuz nifrəti, Vətən, millət və torpaqla bağlı düşüncələri, böyük arzuları sonralar onun təhsilinin də yönünü dəyişib. O, artıq səkkizinci sinifdə oxuyanda dərk edib ki, düşmənin qarşısına çıxıb qisas almaq üçün sadəcə nifrət kifayət etmir. Bunun üçün əvvəlcə hərbin, silahların bütün sirlərini öyrənmək, ondan sonra ən mükəmməl taktika ilə, ən müasir silahlarla düşməni məhv etmək lazımdır.
Ramil məhz bu fikirlərlə 2011-ci ildə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə qəbul olundu. 2014-cü ildə isə həmin hərbi məktəbi uğurla bitirərək Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil oldu, motoatıcı hərbi ixtisasına yiyələndi. Artıq 2018-ci ildə Ramil öz arzusuna çatıb, ali təhsilini başa vuraraq hərbin bütün sirlərinə yiyələnib, leytenant rütbəsi almışdı.
Ramil, qismən də olsa, qarşısına qoyduğu məqsədə nail oldu. İndi o, düşmənin qarşısına hərbin bütün sirlərini, silahların dilini bilən, bütün hərbi texnikalardan istifadə etməyi bacaran bir leytenant kimi çıxacaqdı. İndi düşməndən qisas almaq, mənfur düşməni torpaqlarımızdan qovmaq, Azərbaycanın dilbər guşəsi olan Qarabağı azad etmək, Azərbaycan bayrağını Qarabağda dalğalandırmaq Ramilin əsas məqsədinə çevrilirdi.
...27 sentyabr 2020-ci ildə sərhədlərimizdə növbəti təxribat törədən düşmən bu dəfə Azərbaycan Ordusunun gözlənilməz əks-hücumu ilə qarşılaşdı. Artıq Ramil də bu əks-hücumun iştirakçılarından biri idi. Ramil Füzuli istiqamətində, mənfur düşmənin ən çətin, “keçilməz səngər” adlandırdığı səngərdə özü və tabeliyində olan tağımın şəxsi heyəti ilə birlikdə böyük qəhrəmanlıq göstərir. Döyüşdə böyük şücaət göstərən Ramil düşmənə qarşı sonsuz qəzəbini, illərlə qəlbində daşıdığı nifrətini güllələrlə birgə düşmənə sarı atmaqdan yorulmur. O, var gücü ilə döyüşür, mümkün qədər daha çox düşməni məhv etmək istəyir. Bu qanlı döyüşdə Ramil öz tağımı ilə birlikdə mənfur düşmənin onlarla canlı qüvvəsini və texnikalarını məhv edir. Sonda düşmən geri çəkilməyə məcbur qalır. Sən demə, Ramil döyüşlərdə öz qəhrəmanlığı, qorxmazlığı, fəallığı ilə düşmən snayperlərinin də diqqətini cəlb edib. Snayperlərin bir neçə cəhdindən sonra Ramil başından yaralanır və o, ən böyük arzusuna çatır – Vətən uğrunda, torpaqlarımızın azadlığı uğrunda şəhid olmaq şərəfinə nail olur.
Düşmən elə zənn edirdi ki, Ramili və onun kimi bir çox qəhrəmanlarımızı susdurmaqla bizi sarsıdacaq, qorxudacaq, bizə qalib gələcək... Ancaq bir şeyi unudurdu ki, onun düşməni bir türk oğludur. Türklər bir ölər, min dirilər... Son nəfərinə, son nəfəsinə qədər döyüşər, ancaq məqsədindən geri dönməz...
...44 günlük hərbi əməliyyatlar nəticəsində müzəffər Ordumuz nəinki işğal olunmuş torpaqlarımızın böyük bir hissəsini, həmçinin Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanı azad etdi. Ordumuz “Dəmir yumruq”la düşmənin başını əzdi, onu təslim olmağa məcbur etdi. Artıq hərbi potensialı tükənən və Azərbaycan Ordusu ilə vuruşmaq qabiliyyəti olmayan Ermənistan 10 noyabr 2020-ci ildə təslim aktını imzalamağa məcbur oldu. Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan Bəyanatla Kəlbəcər, Ağdam, Laçın rayonları da işğaldan azad olundu. Ancaq təəssüflər olsun ki, Ramil və Ramil kimi Vətən uğrunda şəhid olan minlərlə qəhrəmana o günü görmək, zəfər sevincini yaşamaq nəsib olmadı... Dekabrın 10-da paytaxt Bakıda keçirilən və “Dəmir yumruq” adlandırılan Zəfər Paradında da onların yeri görünürdü... Ancaq onların ruhu indi şaddır. Çünki onların işğaldan azad etdiyi Vətən torpaqlarında – Suqovuşanda, Füzulidə, Cəbrayılda, Xudafərində, Zəngilanda, Qubadlıda, Şuşada, Kəlbəcərdə, Ağdamda, Laçında ucaldılan üçrəngli bayrağımız indi sevinclə dalğalanır, bütün dünyaya xalqımızın qüdrətindən, Ramil kimi igid oğullarımızın qəhrəmanlığından danışır sanki...
Anasına tez-tez ismarıc yazar, zəng vurarmış Ramil... İsmarıclarının birində yazır: “Ana, mən andıma sadiqəm və qanımın son damlasına qədər bu torpağın bütövlüyü üçün vuruşacağam. Düzdür, mənim öldürmədən ölmək fikrim yoxdur... Ancaq qismətimdə şəhidlik zirvəsi olsa, bu, mənim üçün ancaq fəxr olar...” Bu düşüncələrlə yaşayan, bu məqsədlə döyüşən bir qəhrəmanın qisas hissi ilə alovlanan ürəyini ancaq torpaqlarımızın azadlığından doğan sevinc hissi söndürə bilərdi. Məhz bu arzulardan doğan hisslərlə, düşüncələrlə Vətən tariximizin qəhrəmanlıq səhifəsinə yeni tarix yazdı Ramil və Ramil kimi minlərlə qeyrətli oğlumuz...
Ramil haqq savaşında şəhidlik zirvəsinə yüksəldi, öz arzusuna çatdı. Ramil dünən məktəbdə ona öyrətdiyimiz Azərbaycan tarixinin yeni, şanlı səhifəsini yazan igidlərdən biri oldu. Vətən uğrunda bir an belə düşünmədən öz canlarını qurban verən oğullarımız bu gün şagirdlərimizə, gənclərimizə bir örnəkdir. Biz müəllimlər bu gün Ramilin keçdiyi qısa, amma şərəfli ömür yolundan şagirdlərimizə fəxrlə danışırıq. Bugünkü şagirdlərimizin də Ramil kimi vətənpərvər ruhda böyüməsinə çalışırıq.
O, özünü “xoşbəxt komandir” adlandırırmış. Ramil, bu gün sən, həqiqətən də xoşbəxtsən. Çünki sənin ən böyük arzuların həyata keçib, uğrunda canını verdiyin torpaqlarımız azaddır, Xocalının qisası düşməndən artıqlaması ilə alınıb. Rahat uyu, şəhidim! Sənin qanını silah yoldaşların, məktəb yoldaşların, bir sözlə, yenilməz Azərbaycan Ordusu yerdə qoymadı.
Vətən oğlu! Yaşadığımız bu hissləri – qələbə sevincini, qürur və fəxarəti bizlərə məhz siz bəxş etmisiniz. Biz bu böyük zəfər üçün məhz sizlərə borcluyuq, mərd oğullarımız! Şəhadətiniz mübarək!
Başını dik tut, Gülnarə ana! Biz sənin qarşında baş əyirik! Ramil ölməyib, şəhadətə yüksəlib. Şəhid olmaq əbədi həyat qazanmaq deməkdir... Ramil və onun kimi qəhrəman şəhidlərimiz öz şirin canlarından ona görə keçiblər ki, sən və sənin timsalında bütün Azərbaycan qadınının başı önə əyilməsin. Məğrur ol! Mətin ol! Fəxr et ki, Vətənə Ramil kimi qeyrətli oğul vermisən. Çünki bu gün bütün Azərbaycan xalqı Ramil və Ramil kimi oğullarla fəxr edir. Bütün el-oba Ramillə fəxr edir. Ramil bu gün fiziki olaraq aramızda olmasa da, onun adı, qəhrəmanlığı yüz illər sonra da şeirlərdə, mahnılarda, xatirələrdə yaşayacaqdır.
Vüsalə Qənbərova
şəhid Ramil Əliyevin müəllimi