Artıq 7 ildir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində jurnalist kimi çalışıram. Bu illər ərzində televiziyamızda baş verən yeniliklərlə birgə addımladım. O inkişaf etdikcə mən də daha yaxşı və peşəkar olmağa can atdım. Çünki televiziyanın inkişafına işimlə kölgə sala bilməzdim. Düzü, 7 il çox uzaq bir rəqəm deyil, amma bu illər ərzində saysız-hesabsız yeniliklər baş verdi. Efir vaxtının artırılması, yenilənən maddi-texniki baza, ən əsası peşəkar jurnalist ordusu formalaşdırmaq üçün ölkənin ən yaxşı media təmsilçilərinin keçdiyi təlimlər tamaşaçılara təqdim edilən materialların həm keyfiyətinin, həm kəmiyyətinin yüksəldilməsinə təkan verdi. Bir sözlə, televiziyamızda dövrün tələblərinə uyğun efir məkanı formalaşdı.
Ümumiyyətlə, jurnalistika onu özünə peşə seçənlərin qarşısında çox vacib bir şərt qoyur- sosial məsuliyyət hissi. Bu peşə ləyaqətinə hörmət edən, bizə doğma olan televiziyamızın nüfuzunu yüksək tutan jurnalist məsuliyyətinin kökündə dayanan əsas şərtdir. Çünki hər bir jurnalistin borcu dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirmək və milli maraqların təəssübkeşi olmaqdır. Mən və həmkarlarım anlayırıq ki, jurnalistika sadəcə peşə deyil, daha çox elmdir. Biz peşəmizlə, qələmimizlə cəmiyyətə xidmət edirik. Bunun üçün işimizin məsuliyyətini dərk edir və maraqlı, keyfiyyətli, əyləncəsində belə maarifləndirməyi əsas götürərək verilişlər və proqramlar hazırlayırıq. Çünki efirdə təqdim olunan hər bir söz cəmiyyətə verilən bir mesajdır.
“Televiziya kütlənin deyil, kütlə televiziyanın arxasınca getməlidir” fikri mənim və həmkarlarımın əsas devizidir. Son zamanlar doğma kanalımıza olan maraq, izləyici kütləsinin artması məqsədimizə nail olduğumuzun göstəricisidir. Kadr hazırlığı sahəsində ən yaxşı məkan məhz televiziyadır. Burada yaradılan şərait, keyfiyyətli efir məkanı gənclərin, jurnalist olmaq istəyən tələbələrin diqqətini cəlb edir. Onlar bura üz tutur, özləri ilə yeni səs, yeni nəfəs gətirirlər. Ümumi axında istedadları, danışıq tərzi, fərdi yanaşma maneraları ilə fərqlənməyə çalışır, bir qədər təcrübə topladıqdan sonra isə öz üslublarına yiyələnirlər.
Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi – mən və ailəm bu məkanı əvəzolunmaz bir yer, ən yaxşı məktəb, ən yaxşı universitet adlandırırıq. Burada insan hər tərəfli formalaşır, təcrübəli, ziyalı insanlarla ünsiyyətdə olur və ən əsası tamaşaçı sevgisi, tamaşaçı rəğbəti qazanır. Bütün bunlar azmış kimi, bir də dövlətin diqqət və qayğısı... Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri Cənab Vasif Talıbovun əməyimizi qiymətləndirərək bizi mənzillə mükafatlandırması peşəmizə olan sevgimizi, hörmətimizi daha da artırdı. Televiziya ailəsinə yeni üzv olanlara üzümü tutub söyləmək istəyirəm. “Gerçək həyat kiçik dəyişikliklərin meydana gəlməsi zamanı yaşanar” deyiblər. Mən həyatımda yaşadığım o böyük dəyişikliklə əmin oldum ki, əziyyətini dilə gətirmədən, qarşılıq ummadan çalışdıqda, ən əsası imzana hörmət edərək işinin haqqını verirsənsə, bir gün mükafatın böyük olacaq. Naxçıvan Dövlət Televiziyasında çalışmaq böyük şansdır. Çalışaq, bu şansı dəyərləndirək və işimizin peşəkarı olaq.
Aysun Məmmədli
Naxçıvan televiziyasının redaktoru