“Vağzalı” yoxsa “Mendelson”?

A- A A+

Hər bir xalqın ən böyük sərvəti onun milli mədəniyyəti, adət-ənənələridir. Bu mədəniyyətə təbii ki, bizim mahnılarımız, rəqslərimiz də daxildir. Amma hərdən adama elə gəlir ki, gözəl adət-ənənələrimiz, milli rəqslərimiz olduğu halda biz  onların qədrini heç də yetərincə bilmirik.

Bu yazını qələmə almağa məni vadar edən toy məclisində şahidi olduğum bir hadisədir. Hər birimizə məlumdur ki, Azərbaycan xalqının gözəl sərvətlərindən biri gəlin köçürülən zaman ifa edilən məşhur “Vağzalı” rəqsidir. (Bu rəqsin əsl adı “Qarabağın ağırı”dır) Son dərəcə zərif, incə, yumşaq hərəkətləri olan bu rəqs xalq arasında daha geniş yayılıb. Bəli, təəssüf hissi ilə də olsa deməliyəm ki, həmin toyda gəlin şadlıq sarayına daxil olmaqdan ötəri “Vağzalı” deyil, “Vals” çalınmasını tələb etdi.

Bundan başqa, şadlıq sarayında təşkil olunan bu toyda milli rəqslərimizdən heç birinə yer verilmədi. 5 saat davam edən toyun yarıdan çoxunu “diskoteka mahnıları” idi. Gülünc hal o idi ki, bu rəqsi oynaya bilən də, bilməyən də ortada idi. Yəqin ki, bu mənzərə çoxlarımıza tanışdır.

Bu məqamda bir paralel aparmaq istədik.

Yaxın günlərin söhbətdir. Sosial şəbəkələrdə bir hadisə diqqətimizi çəkdi. Türkiyənin Qars şəhərində keçirilən toy məclisində bəylə gəlin  Azərbaycanın milli rəqsi olan “Uzundərə”ni oynayır. Özü də heç bir bayağlıq və ədəbazlıq etmədən. Lap baba-nənələrimizin dediyi bəy-gəlin kimi. Sadə və ağayana ifa edilən rəqs hiss olunurdu ki, məhz bu insanlar və bu xoş məqam üçün düşünülüb. Ümumiyyətlə son vaxtlar sosial şəbəkələrdə Qars şəhərindəki toylarda yalnız Azərbaycan mahnıları musiqisinin melodiyasına oynayan insanların videogörüntüləri tez-tez rastımıza çıxır. Təbii ki, Türkiyənin bu ərazisində yaşayanların 70-80 faizi bizimlə eyni kökdən olan Azərbaycan türkləridir. Bəs görəsən onlar bizim milli rəqslər və  mahnıların sədası altında  sevə-sevə oynadıqları halda , biz – bütün dünya Azərbaycan türklərinin vətəni sayılan ölkəmizdə niyə bu mahnı və melodiyalara bu qədər laqeydik? Təsəvvür edin ki,  Türkiyənin  Qars şəhərindəki toyda  milli rəqsimiz oynanılır, lakin bizim şadlıq saraylarında isə  Avropa rəqsləri.

Bizim bəzi adamlar deyəsən adət-ənənələrimizdən uzaq düşməyi müasirlik hesab edir. Amma kimə lazımdır bu müasirlik? Yaponiya dünyanın qabaqcıl texnologiyasına sahib, müasir ölkələrdən biri, bəlkə də birincisidir. Bütün dünya bu ölkəni yaxşı tanıyır. Amma ən müasir texnologiyalara malik olan yaponlar hələ də yeməklərini lap min il əvvəl olduğu kimi, taxta çubuqlarla yeyirlər. Müasirlik onların adət-ənənələrinə heç də təsir etmir. Bizdə isə hərdən elə davranışa rast gəlirsən ki, sanki adət-ənənələrə əməl edənlər geridə qalmış insanlardır. Amma o da var ki, başqalarının adət-ənənələrini qavramaq, mənimsəmək yenilik əlaməti deyil. Əsl müasirlik odur ki, öz adət-ənənələrini özgələrinə tanıtdırasan, qəbul etdirəsən. Məncə, həmin anda hər  kəs səni müasir insan hesab edəcəkdir. İndi müasir xalqlar öz keçmişinə sahib çıxmaqla daha çox milli köklərini qoruyub saxlamaq istəyir. Çünki qloballaşan dünyada digər mədəniyyətlərin təsiri ilə  itib-batmamaq, öz varlığını qoruyub saxlamaq üçün düzgün yol ancaq budur. Unutmayaq ki, babamız nənəmizi, atamız anamızı məhz “Vağzalı”, “Uzundərə”, “Heyvagülü”, “Qaytağı” sədaları altında gəlin gətirib, onlara toy ediblər. Qara zurna, nağara, ney, qavalda səslənən musiqilər, mahnılar  ilə  xoşbəxt ailə qurublar.

Nuray ƏSGƏROVA

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: