NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun kiçik elmi işçisi Hüseyn Rəsulzadə Araz su anbarının aşağı hissəsinin sol sahil düzənliyində, Araz SES-ə yaxın ərazidə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası faunası üçün yeni quş növünü – Üçbarmaq qağayını aşkar edib
Yeni növ qağayı 2018-ci ildə ilk dəfə Azərbaycanda Beşbarmaq Dövlət Təbiət qoruğunda müşahidə edilib. Ortaboylu quş olub, digər qağayı növlərindən qara pəncələri və uçuş lələklərinin qara uclarında ağ ləkələrin yoxluğu ilə fərqlənir. Pəncələrdə arxa barmağın yoxluğu əsas təyinedici əlamətdir, onun yerində kiçik qabarıq görünür. Boynunda halqa şəklində qara zolaq vardır. Quşun qidasını başlıca olaraq kiçik balıqlar, xərçənglər və molyusklar təşkil edir, ovunu suya baş vuraraq əldə edir.
Yeni aşkarlanmış Üçbarmaq qağayının həyat tərzinin bioloji və ekoloji xüsusiyyətlərinin muxtar respublika şəraitində izlənilməsi nəzərdə tutulub. Qağayı Cüllütkimilər dəstəsinin Qağayılar fəsiləsinə mənsubdur.
Qeyd edək ki, H.Rəsulzadə apardığı tədqiqatlar nəticəsində bu ilin fevral ayında daha bir yeni quş növünü – Bozumtul çalağanı aşkar edib.