Ölümü ilə ölümsüzlük qazanan əbədi qəhrəmanlarımız

A- A A+

Ruhunuz şad olsun, Ulu  Öndər! Ədalətli haqq savaşımızla qələbə qazandıq. Artıq bizə miras olaraq qoyub getdiyiniz və xalqımızı, dövlətimizi əminliklə əllərinə əmanət etdiyiniz Ali Baş Komandanımız Sizin arzunuzu reallaşdırdı. Azərbaycan dövlətinin hər zaman inandığınız qüdrətini bərpa etdi, tarixi gerçəkliyimizi özümüzə qaytardı. Saxta fikirlərlə tarixlərini “bəzəyənlərin” dərsini verdi. “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” şüarınız bugün hər kəsin həyat amalı, yaşam idealına çevrilib. Sözlərinizdən ilhamlanan cəsur oğullarımız vətənin müdafiəsinə  göz qırpmadan hazır oldular. Doğma torpağımızın hər bir qarışını böyük mətinliklə düşməndən geri alaraq hünərlərini göstərdilər. Ali Baş Komandanın yürütdüyü məqsədyönlü siyasət, ordu quruculuğu prosesi qələbəmizin ən əsas faktoruna çevrildi. Xalqdan güc alan Prezident İlham Əliyev mənəvi qələbəmizin timsalına çevrildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaqdır. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir... Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq".

Tanrının haqq tərəzisi gec-tez öz yerini tapacaqdı. Mənfur və iblis düşmənin əməlləri cəzasız qalmayacaqdı. Əsgərlərimiz döyüşə qazanmaq üçün getdilər. Çünki onların düşüncələrində, fikirlərində ancaq QƏLƏBƏ və yenə də QƏLƏBƏ idi!!! Bu idi bizə ruh yüksəkliyi yaşadan!

Ölümün gözünə dik baxdı, əlindəki gücə, içindəki qəzəb hissinə sığınaraq düşmənin üzərinə qorxmadan, məğrurcasına addımladı igid əsgərim! Bizə qələbə  sevincini  yaşatdı, zəfər tariximizi yazdı!!!

Vətən müharibəsinə başlamadan öncə qarşımızdakı düşməni tanıyırdıq, onun xislətini də çox gözəl anlayırdıq. Bilirdik ki, mənfur, hiyləgər, iblis xislətli bir düşmənlə vuruşuruq. Düşmən də olsa gərək qarşındakı kişi olsun, mərd olsun! Amma, çox təəssüflər olsun ki, bizim düşmənimiz bunlardan nəinki uzaqdır, hətta mən deyərdim ki, lap bixəbərdir. Döyüş əzmli xalqımız, mübariz igidlərimiz isə qarşılarındakı düşməni bilə-bilə mərdliklə, qəhrəmanlıqla vuruşdular. Öz canlarını vətən yolunda sipər, qanlarını vətən uğrunda halal edən şəhidlər and yerimiz, qürur mənbəyimizdir.  Bu Vətən sevdalıları, bu Vətən aşiqləri göz qırpmadan, ölümün üzünə dik baxaraq, kəfənlərini əyinlərinə geyinib şüurlu şəkildə, qələbə naminə ölümün ağuşuna atıldılar. Dövlət-ordu-xalq birliyinin nələrə qadir ola biləcəyini, Azərbaycanın hərbi qüdrətini öz qəhrəmanlıqları ilə bütün dünyaya sübut etdilər. Öz cəsarətləri ilə düşmənə göstərdilər ki, Vətən torpağının bir qarışı belə onlar üçün həmişə qiymətlidir. 

Napaleon  Bonapart deyirdi ki, döyüşdə müvəffəqiyyət qazanmaq üçün mənəvi gücün rolu dördə üç, maddi gücün rolu isə dörddə birdir.

Ali Baş Komandanın döyüş əmri ilə başladığımız müharibənin qələbə ilə nəticələnəcəyi şəksiz idi. Çünki Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yaratdığı ordu quruculuğuna, xalqın döyüş əzminə bələd idi. O qəti şəkildə əmin idi ki, malik olduğumuz ordu və bu orduda döyüşən hərbçilər bizə qələbə sevincini yaşadacaq. Ali Baş Komandanın hərbçilərlə mütəmadi görüşü, xalqla hər zaman birgə olması bu qətiyyətli qərarın verilməsində müstəsna əhəmiyyətə malik oldu. Xalqımızın bu qədər mübariz, bu qədər qorxmaz və cəsur  olduğunu  44 gündə bütün dünyaya nümayiş etdirdik. Hər şeydən öncə birgəliyimizi, həmrəyliyimizi bayram etdik, xalq-ordu birliyinin təntənəsinə sevindik. Bizim mənəvi birliyimiz, qələbəyə inam hissimiz, döyüşkən əhval-ruhiyyəmiz, haqq-ədalət savaşımız döyüşdə uğurumuzu şərtləndirdi.

Əsgərlərimiz cəsarətin özü, qəhrəmanlığın ən yüksək nümunəsi, ən ali göstəricisi, xalqımızın inamı oldular. Ürəyinə illərin həsrətini sıxan bu xalqa  qələbə yaşatdılar.  “Artıq mən qaçqın deyiləm” deyərək sevincini az qala bütün dünyaya hayqırmaq istəyən hər bir məcburi köçkünü qaçqın statusundan azad etdilər.

Çünki bu xalqın əsgəri döyüşə gedəndə zaman-zaman başımıza gətirilən faciələri dönə-dönə xatırlayaraq, şəhid analarının, bacılarının, atasız qalmış şəhid övladlarının ah-nalələrini dərindən duyub gedirdilər döyüşlərə.  

Ey əziz xalqım, sən nə qədər qəhrəman oğullar yetirmisən! Vətənin dar günündə bizə qələbə müjdəsini yaşada bilən qəhrəman oğullarımız, rahat yatın! Bilin ki, uğrunda qanlar tökdüyünüz bu torpaq sizi unutmayacaq. Çünki illərdir iblislərin ayağı altında tapdaq olan yurdumuz sanki çirkabdan təmizlənib, ruhu rahatlıq tapıb. Anaların göz yaşları, ataların qəlbində gizlədib ətrafındakı insanlar rahat olsun deyə içində boğub saxladıqları ürək parçalayan kədərləri, qardaş-bacıların çiyinlərində daşıdıqları tabutunuz, övladların “atam hanı?” deyə hıçqırıqları getməz gözümüzdən. Siz bizim əsl qəhrəmanlıq salnaməmizsiniz!!! Müharibə edən hər bir ölkənin itkiləri qaçılmazdır. Amma bir şeylə təsəlli veririk özümüzə. Şəhid oğullarımızın qisası alındı. İşğaldan azad edilən hər bir yurd yerində dalğalanan bayrağımız artıq şəhid ruhlarını salamlayır, azad edilmiş torpaqlarda dalğalanmaqla sanki qürur duyur. Qanını doğma torpağına qorxmadan, igidcəsinə halal edən hər bir Azərbaycan əsgərinə illərdir yağı düşmən əlində tapdağa çevrilən qədim el-obaya təmiz nəfəs gətirdiklərinə görə minnətdarlıq edir, Ulu Bayrağım! Dalğalan, ey şanlı, vüqarlı bayraq, neçə illərin həsrətini çıxart!

Vətən uğrunda ölüm həyatın davamıdır deyiblər. Bəli, igid əsgərlərimiz qorxmadan, cəsur  ölümləri ilə mərdliyin simvoluna çevrildilər. Hər döyüşdə ayrı bir qəhrəmanlıq tarixi yazıldı, hər kənd, hər qəsəbə, hər rayon onların qəhrəmanlığı ilə alındı.

Qəhrəmanlar ölmür, onların yazdıqları qəhrəmanlıq tarixi dünya durduqca yaşayacaq. Azərbaycan var olduqca onların igidlikləri qələmə alınacaq. Hər kəs öz bacardığı qədər şəhidlərimizin xatirəsinə öz töhfəsini verəcək.

Bugün tariximizə sahib çıxmağı, tarixi gələcəyə köçürməyi və elə tarix yazan igidlərimizə dəyər verməyi biz Ali Baş Komandanımızdan öyrənirik.  Cənab Prezidentimiz hər kəsə ideal nümunə olacaq davranış göstərməklə hər bir şəhid ailəsinə ayrıca həssaslıqla yanaşır, yaralı hərbçilərimizlə dəfələrlə görüşür. Bugün biz tariximizə sahib çıxmaq üçün məhz Ali Baş Komandanımızı örnək almalıyıq. Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncamında Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Vətən uğrunda” , “Azərbaycan bayrağı”, 1-ci dərəcəli “Vətənə xidmətə görə”,  2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildilər.  Ölkə başçısının yaralı hərbçilərlə görüşü isə tarixi bir görüş idi: Ali Baş Komandan yaralanan vətən övladları ilə görüşəndə əhval-ruhiyyəsi çox yüksək idi. “Şübhəsiz ki, yaralı oğullarımız sağalıb, normal həyata qayıdacaqlar və ailələrinin yanında olacaqlar. Lakin həmişə yaddaşlarında qalacaq ki, dövlət başçısı onlarla görüşdü, onları dinlədi və qayğılarına qaldı. Eyni zamanda bütün dünyaya bəyan etdi ki, heç bir əsgərin hüquqları tapdalanmayacaq. Əksinə, əsgər və zabitlərimizin arzuları tam təmin ediləcək. Çünki torpaqlarımız uğrunda həlak olan, yaralanan və qalib gələn övladlarımıza qayğı, Azərbaycanın gələcəyinə qayğı kimi qiymətləndirilməlidir”.

Muxtar respublika sakini olaraq mən Naxçıvan Muxtar Respublikasında şəhidləri ehtiramla qarşılayan Ali Məclisin sədri cənab Vasif Talıbovu xüsusilə qeyd etmək istəyirəm. Naxçıvana gətirilərkən hər şəhid övladını yüksək ehtiram və hörmətlə qarşılayan Cənab Sədr biz gənclərə örnək, gələcək nəsillərə ideal davranış təqdim edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Vətən müharibəsində yaralanan və Naxçıvan Qarnizonunun Hərbi Hospitalında müalicələrini davam etdirən hərbçilərlə görüşür, onlarla maraqlanır. Bugün bizə ideal davranış nümunəsi göstərilir, bizə isə bu nümunədən yararlanmaq və tariximizə sahib çıxmaq qalır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 14-də Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında Fərmanı isə hər birimizi şəhid ailələrinə və döyüşdə yaralanan hərbçilərimizə vicdan borcumuzu yerinə yetirməyə çağırır.

Bugün gənc nəslin bir amalı, bir məqsədi var. Döyüşdə düşmənə qan qusduran, ona layiq olduğu cəzanı verən igidləri unutmamaq və gələcək nəsillərə çatdırmaq. Çünki hər kəs düşünməlidir ki, vətənimizin azadlığı yolunda canını qurban vermiş hər bir igid onun oğlu, həyat yoldaşı, ən əzizi və doğmasıdır. Şəhid anasının dərdini özününkü bilən hər kəs düşmənin bizə çəkdirdikləri acını unutmaz və unutmamalıdır!!! Vətənin müdafiəsi uğrunda canından, qanından keçən belə qəhrəmanlarımız, yurdumuzun bütövlüyü naminə canlarından keçməyi özlərinə şərəf bilən igid oğullarımız hər zaman yaddaşlarda yaşayacaqlar. Bu zirvəyə ucalan cəsur, igid əsgərləri, qəhrəmanları hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, bütün şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmaq, onların adlarını əbədiləşdirmək və ruhlarını şad etmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır. Həyatını vətən uğrunda itirən heç vaxt ölməz. Onlar bizim əbədi qəhrəmanlarımızdır...

Səadət Əliyeva

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: