Getmə, dayan, sənə sözüm var...

A- A A+

Ayrılıq vaxtı çatıb, cəmi 3 gün vaxtın qalıb, bilirəm, getməlisən. İstəsəm də, saxlaya bilmərəm, artıq yolçusan. Amma bir az ayaq saxla, sənə sözüm var. Yolundan edirəm səni, lakin məni dinləməlisən... Səni həmişə çox sevmişəm, bilirsən. Elə buna görə də səndən yazmaq hər dəfə mənə tapşırılardı. Çünki səni sevən çox az insan olub həyatda. “Payızdan nə yazmaq olar ki?”, – deyiblər. Lakin sən hər zaman mənim fəslim olmusan. Səni füsnün, romantikan-çiskin yağışın, sarılı-qızılı yarpaqlarınla, bir də, sanki bir ömrün sonunu əks etdirən kədərinlə sevmişəm... Səndən yazılarımda tablolar yaratmışam, hər naxışını, hər “baxışını” mənsur şeirlərimin misralarına çevirmişəm...

Ayaq saxla, dinlə məni... Artıq gedirsən. Bu il gəlişin, üç aylıq varlığın, sanki bir an oldu. Dünən gəlmişdin elə bil, bu gün gedirsən... Fərq etmədim gəlişini, düz üç aydır varlığını, indi ayrılıq anı çatarkən fərq edirəm artıq zamanın çatdığını, sənin əlvida vaxtını. Bu il səni heç vəsf etmədim: nə füsunkar görkəmini, nə küçələrdə, dalanlarda insanlarla pıçıltını, narın-narın yağışını, nə də ki o sarı-qızılı, xınalı yarpaqlarını. Səbəb nədir, bilirsənmi? Mən söyləyim, sən “qulaq as”. Səni bütün mövsümlərdən fəqli sevən birindən bu sözləri dinləmədən ayrılma...

Builki gəlişindən cəmi beş gün sonra Vətən müharibəsi başladı ölkəmdə. Müharibə asan deyil, o, dəhşətlər gətirir ellərə, evlərə. Biz analar çox qorxduq əvvəlcə, düzünü deyim. 1990-cı illərin I Qarabağ müharibəsini görən biri kimi çox qorxduq. O illərdə çəkdiyimiz acılar, başımıza gətirilən oyunlar, itirdiklərimiz qorxudurdu bizi. Sağ göndərib, cansız bağrımıza basdığımız övladlarımız, 20 Yanvarda ləçəkləri sevgisindən qoparılıb ələmlərə verilən qərənfil rəngli qanlardan çox qorxmuşdu analar. Ancaq artıq başlamışdı müharibə. Oğullarımız Qarabağa – cəbhəyə yollandı səninlə, döyüşə başladı səninlə. Düz 44 gün... Bu mövsüm səni bəyənməyənlər cəsarətinə, hünərinə, bir də ki qayğıkeşliyinə məəttəl qaldılar. Nə qədər dözümlüymüşsən sən, Payız? Ötən illərdə yağdırdığın yağışları içinə çəkdin bu mövsüm. “Dişini dişinə sıxıb” çox səbir etdin, yağdırmadın, bununla ordumuza zəfəri üçün bilirsənmi, sən nə qədər zaman verdin? O dağlarda, daşlarda, düzlərdə yağış yağardısa əgər, əsgərimin çəkmələri palçıqdan ağırlaşardı, hərəkəti çətinləşərdi. Addımları cəldliyini itirərdi. Su həyatdır, deyirlər, lakin su həm də ölümdür, deyilmi? Yağış da su olduğu üçün islanardı, üşüyərdi əsgərim, xəstələnərdi, bu da ki qələbəmizi əngəllərdi... Sən beləmi dözümlüymüşsən, Payız? Necə sıxdın göz yaşını içinə, bir damlası görünmədi gözündə... Yarpaqların döşək oldu, yorğan oldu, yastıq oldu əsgərimə səngərdə. Sən mövsümdün, lakin bu il Ana oldun – Payız ana. Tək anadan bu cür qayğı görər bala...

Sevilmirdin, “biz payızın axı nəyindən yazaq?”, – deyirdilər sənə... Sən gələndə “yenə gəldi yarpağıyla küçələri çirkləndirən, yenə gəldi sevdiyimiz yaşılları məhv edən, sarılara çevirən, yenə gəldi yağışını yağdırıb yollarımızı palçıq edən”, – deyirdilər... İllərlə sən bəddualar yağdırılan fəsil idin. Sevilməyən mövsüm idin... Yox, yox, belə deyilmiş, yanılmışıq. Səndəymiş ki Suqovuşanımın xilası, şəhidim-qəhrəmanım Mübarizin qisası... Səndəymiş ki böyük şair Füzuli ilə adaş olan Füzulimin azadlığı... Səndəymiş ki göz yaşlarını Arazıma bol su edən Xudafərinin gözlərindən yaşı silən şəhid əli... Səndəymiş ki iki əkizi-Naxçıvanla Zəngilanı Qarabağda görüşdürən... Səndəymiş ki əsrlərin o üzündən boylanan Qudadlını bu əsrə qonaq edən... Səndəymiş ki ağ örpəkli gözəllərlə ağ at üstə igidlərin hicranını Şuşamızda vüsal edən, bu vüsalla Şuşamızın göylərindən dumanları da yox edən... Səndəymiş ki, Qarabağın qara bəxtli atlarının Ağdamımızda çövlanını gerçək edən... Səndəymiş ki Kəlbəcərə gözmuncuğu səpələyən igidlər... Səndəymiş ki Laçınımı bir gülləsiz yiyəsinə-sahibinə təslim edən... Tək bunlarmı? Xeyr... Səndə imiş Qarabağın 30 illik nisgilini, kədərini sevinclərə, şadlıqlara çevirən. Səndə imiş, tək səndə, 30 ildə qanı axan yaraların sarğısı. Səndə imiş ki, 30 illik yataqlara məhkum olan xəstələrin həkimləri – şəhidlər... Səndə imiş Şah İsmayıl Xətaidən üzübəri bir-birindən ayrı düşən torpaqları məmləkətlə birləşdirən o güc, hünər. Səndə imiş illər öncə min arzuyla müqəddəs Kəbədən gətirilən Quranla Qarabağın doğma dinə təşnəsini son edən... Səndə, tək səndə imiş qaçqın, köçkün soydaşların gözlərində sevinc yaşı, üzlərində yurd yelinin sığalı... Səndə imiş sevincdən payızından baharına qayıdaraq çiçək açan xarıbülbül – Qələbə sevdalısı...

Ayaq saxla, dinlə məni. Sən bu mövsüm baharlaşdın, bilirsənmi? Öz ömrünü şəhidlərə bağışlayıb, baharlaşdın. Səpələndi xəzəllərin yüzlərlə bahar üstünə. Yaşıllıqlar 44 gündə bahar ömrün yarım qoyub payızına qonaq oldu. Ömrümüzdən bir andaca 2783 bahar keçdi: bu baharlarda nə ağaclar çiçək açdı, nə nübarı, barı oldu. Sıxdın köksünə, yağdırmadın yağışını, o yağışı yüzlərlə ananın, atanın, gözü yolda balanın, bütün elin-obanın gözlərinin yaşı etdin... Qələbə-sevinc yaşı... Qürur-hünər yaşı, yurd-torpaq yaşı... Namus-qeyrət yaşı... Axdıqca bu sevinclə qarışıq kədər yaşları, sən oldun Qələbə fəsli, hünər fəsli, yurd fəsli, torpaq fəsli, namus və qeyrət fəsli...

Ağaclarda saraltdığın hər yarpaq bir ömür oldu – şəhid ömrü. Portretləşdi hər bir ömür qızılı-sarılı tablolarda. Maraqlıdır, çərçivəsiz tablolarda. “Çərçivəsiz tablo olar”, – deyirsən? Bəli, olar. Torpaq sevgiyə çevriləndə, Vətən göz bəbəyi, yurd namus olanda onun uğrunda canından keçənlərin tablolarının çərçivəsi əbədi bir qürur olur.

Ayaq saxla, son sözlərimi də dinlə. İndi səni sevməyən yoxdur. Qələbə fəsli, şəhid fəsli... Sən də şəhidlərimiz kimi bir əbədilik qazandın. Əbədi bir mövsüm oldun. Tarixlərdə izi qalan 44 günün, qələbənin, zəfərin fəsli oldun. Yüzlərlə şəhidimiz, qazimiz səninlə əbədiyyən anılacaq.Yarpaqlarına yazıldı böyük tarix, qürur sözü... Sən mövsümdün, artıq bir salnamə oldun. İndi “Payızdan nə yazasan axı?”, – deyən yox, indi səndən milyonlarla yazanlar var...

Get, bu dəfə səni qələbəylə, zəfərlə yola salırıq. Şəhidlərimizin anım gününün, Vətənimizin, şəhidlərimizin qələbə gününün bir ili ilə geri dön. Ey əbədi fəsil. Nə xoşbəxtsən, sinən şəhid, qazi qanlı, şəhid məzarlıdır, qələbə bayraqlıdır. Azərbaycanın əbədi fəsli, sənə yaxşı yol...

Mətanət Məmmədova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: