Muxtar respublikada yaradılan müasir meliorasiya və irriqasiya sistemləri torpaqların su təminatını yaxşılaşdırır, yeni torpaq sahələri əkin dövriyyəsinə daxil edilir.
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, noyabr ayında su istifadəçilərinə 19 milyon kubmetrdən çox suvarma suyu verilib, təkrar suvarma da daxil olmaqla 16 min 89 hektar torpaq sahəsi suvarılıb. Torpaqların şoranlaşmasının qarşısını almaq və qrunt sularının səviyyəsini aşağı salmaq üçün 16 kilometr beton-torpaq kanal, 10 kilometr ara arxlar, 4 kilometr kollektor lildən təmizlənib, 1,4 kilometr yeni arx, 560 metr yeni açıq drenaj kanalı qazılıb, 56,2 hektar sahənin meliorativ vəziyyəti yaxşılaşdırılıb. Əkin sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə 950 metr uzunluğunda istiqamətləndirici bənd tikilib.
Kəngərli rayonunun Böyükdüz kəndinin 810 hektar əkin sahəsini əhatə edən qapalı suvarma şəbəkəsi istifadəyə verilib. Həmçinin ötən ay 5 kəhrizdə bərpa işləri davam etdirilib, 57 subartezian quyusunda təmir işləri aparılıb, bir yeni subartezian quyusu qazılıb.
Bu dövrdə içməli su təminatı diqqətdə saxlanılıb, “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsi və Araz kəndində 300 metr su, 588 metr kanalizasiya, Sədərək rayonunda 115 metr su, 530 metr kanalizasiya, Kəngərli rayonunun Qarabağlar və Xok kəndlərində 9,8 kilometr su xətti çəkilib.