Naxçıvanda əldə edilən nailiyyətləri əks etdirən məqalə türkdilli oxuculara təqdim olunub - FOTOLAR
Bu il ölkəmizin Vətən müharibəsində əldə etdiyi böyük zəfər münasibətilə Azərbaycan və Türkiyə gənclərinin birgə yaratdığı ankarabaku.com saytında İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri, politoloq Samir Adıgözəllinin “Naxçıvanda əldə edilən yeniliyin səbəbi - Vasif Talıbov” sərlövhəli məqaləsi yerləşdirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, türk dilində təqdim edilən məqalədə Naxçıvanın 25 illik inkişaf tarixi ətraflı təhlil olunub.
Məqalədə qeyd edilib ki, 1995-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını qədim diyarda uğurla həyata keçirib, ötən illər ərzində Heydər Əliyev siyasi xəttinin davam etdirilməsini fəaliyyətinin əsas istiqaməti kimi müəyyənləşdirib. Məhz bunun nəticəsidir ki, Naxçıvan Muxtar Respublikasında ardıcıl nailiyyətlər əldə edilib. Müstəqillik illərində muxtar respublikada mükəmməl bir inkişaf modeli yaradılıb. Bu model dövlətimizin müstəqilliyinin və davamlı inkişafının qarantı olan Heydər Əliyevin siyasi xəttinə sonsuz sədaqət və xalqa xidmət prinsiplərinə dayanır.
Məqalədə vurğulanıb ki, müasir Naxçıvan, sözün əsl mənasında, Heydər Əliyev siyasətinin təntənəsidir. Dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində bu gün muxtar respublikada hansı sahəyə baxsaq, geniş yenidənqurma işlərinin aparıldığının şahidi olarıq. Ötən dövr ərzində elə böyük nailiyyətlər əldə edilib ki, bu uğurların 30 ilə yaxındır davam edən blokada şəraitində qazanılması, doğrudan da, möcüzədir. Naxçıvanda əldə edilən bu nailiyyətlər düzgün idarəetmənin nəticəsi, Vətən sevgisinin, yurd sahibliyinin misilsiz nümunəsidir.
Məqalə ilə daha ətraflı bu linkdən tanış olmaq mümkündür: http://ankarabaku.com/nahcivandaki-degisimin-nedeni-vasif-talibov/ .