“Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” təsdiq edilib
Nazirlər Kabinetinin 500 № li Qərarına dair İzah
“Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” təsdiq edilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, qaydalarda reabilitasiya vasitələrinin sayı və ölçü vahidi, həmçinin istifadə, təminat, hazırlanma müddətləri, eləcə də təmiri və ya zərurət yarandıqda vaxtından əvvəl dəyişdirilməsi müddətləri və vasitələrin hansı qurumlar tərəfindən təmin edilməsi göstərilib.
Qaydalara əsasən reabilitasiya vasitələrini almaq hüququ Əmək Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin komissiyalarının qərarı ilə təmin olunur.
Bütün növ reabilitasiya vasitələri Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyindəki Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən təmin edilir, yalnız minik avtomobili Sosial Xidmətlər Agentliyi tərəfindən növbəlilik əsasında təmin edilir.
Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar.
Minik avtomobili və mühərrikli təkərli oturacağa münasibətdə dövlət hesabına əlilliyi olan şəxsin seçiminə görə yalnız ikisindən biri ilə təmin oluna bilər, əgər əlilliyi olan şəxs hər iki vasitəni almaq istəyirsə onda digər vasitəni öz vəsaiti hesabına alacaqdır.
Minik avtomobili təyin olunduqda, ondan istifadə hüququ əlilliyi olan şəxsə və onunla bir məntəqədə yaşayan qohumuna verilir, amma avtomobil Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qeydiyyatında saxlanılır. Yalnız əlil vəfat etdikdən sonra avtomobil onun ailəsinin mülkiyyətinə verilir, əgər vəfat edənin ailəsi yoxdursa, həmin avtomobil (bu hal mühərrikli təkərli oturacağa da aiddir) geri götürülür və növbəlilik üzrə digər ehtiyacı olan əlillə təqdim edilir.