Arpaçay Su Anbarında və Şərur şəhər Sutəmizləyici Qurğular Kompleksində monitorinqlər aparıldı - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Arpaçay Su Anbarında və Şərur şəhər Sutəmizləyici Qurğular Kompleksində monitorinqlər aparılıb.
Nazirliyin əməkdaşları su anbarından nümunələr götürüb, konduktometr və oksimetr cihazları vasitəsilə ilkin analizlər aparıblar. Yerində aparılan analizlərə görə suyun tərkibinin ekoloji tələblərə cavab verməsi müəyyən edilib. Digər kimyəvi analizlərin isə nazirliyin laboratoriyasında aparılması nəzərdə tutulub.
Həmin gün Şərur rayon Gigiyena və Epidemiologiya şöbəsinin əməkdaşları da təlimata uyğun olaraq əhəngli-xlorlu məhlul vasitəsilə dərmanlama və dezinfeksiya işləri aparıblar. İlkin olaraq Arpaçay su anbarındakı nizamlayıcı qurğuların və kompleksi su ilə təmin edən boruların ətrafları dərmanlanıb. Daha sonra Şərur şəhər Sutəmizləyici Qurğular Kompleksinin ərazisi, buradakı inzibati binanın içərisi və zirzəmisi, həmçinin kaptaj qurğular sistemi, ərazidəki su anbarlarının ətrafları dezinfeksiya edilib. Həyata keçirilən monitorinqlər və dezinfeksiya tədbirləri təbii ki, ətraf mühitin təmizliyinə və insanların sağlamlığının qorunmasına xidmət edir.
Məhəmməd Fərəcov