Naxçıvan Muxtar Respublikası Prokurorluğunda kollegiya iclası keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğunda beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasından irəli gələn vəzifələrə, 2018-ci ilin birinci yarımili ərzində Naxçıvan Muxtar Respublikası Prokurorluğu orqanları tərəfindən görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Müzakirə olunan məsələ barəsində Naxçıvan Muxtar Respublikasının prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev məruzə edib. Bildirib ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri məruzəsində “Hüquq-mühafizə orqanları nizam-intizamı daha da möhkəmləndirməli, maarifləndirmə-profilaktika, ictimai asayişin və sabitliyin qorunması sahəsində tədbirləri davam etdirməlidir” kimi tapşırığı prokurorluq əməkdaşlarından öz işlərinə daha məsuliyyətlə yanaşmağı bir vəzifə kimi tələb edir.
Qeyd olunub ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar işəgötürənlər tərəfindən işçilər üçün müvafiq əmək şəraitinin yaradılmasına, istehsal müəssisələrində işçilərin əməyin mühafizəsi qaydalarına riayət etməsinə nəzarət məqsədilə 2018-ci ilin birinci yarısında prokurorluq orqanlarının əməkdaşları bu işə cəlb edilib. Hazırda belə tədbirlər digər müvafiq orqanlarla əlaqəli şəkildə mütəmadi davam etdirilir.
Prokurorluq orqanlarının ictimaiyyətlə əlaqələri qarşılıqlı etimad prinsipi əsasında qurulub,-deyən muxtar respublika prokuroru bildirib ki, bu orqana edilən müraciətlər vaxtında araşdırılıb və zəruri tədbirlər görülüb. Məhkəmələrdə dövlət ittihamının müdafiəsi prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə şöbəsi tərəfindən lazımı səviyyədə həyata keçirilir. Vurğulanıb ki, dövlət ittihamının müdafiəsi üzrə şöbənin əməkdaşları görülmüş işlərlə kifayətlənməməli, öz fəaliyyətlərinin beynəlxalq standartlar səviyyəsində təşkil olunmasının əsas tələblərindən biri olan presedent hüququnun öyrənilməsi və təcrübədə nəzərə alınmasını təşkil etməlidirlər.
Səbuhi Şahverdiyev bildirib ki, prokurorluq orqanları hüquqi maarifləndirmə və profilaktika işini daha da gücləndirərək cinayətkarlığa qarşı mübarizə sahəsində əsas diqqəti qanunvericiliyin izahı, hüquqi maarifləndirməyə və həyata keçirilən profilaktiki tədbirlərin səviyyəsinin artırılmasına yönəldilib. Bu sahədə işlər beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasının tələblərinə uyğun qurulacaq.
Məruzə ətrafında müzakirələr olub.
Əbülfəz Dünyamalıyev