Torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsini hər zaman uca tutur, onlarla fəxr edirik. Şəhidlərimiz bizim azadlıq, müstəqillik, qəhrəmanlıq simvolumuzdur. Şanlı tariximizi öz qanları ilə yazan şəhidlərimizin qarşısında baş əyirik.
Azadlıq, azad torpaq, azad ruh, azad Qarabağ! Necə də şirin səslənir Azadlıq sözü! Bu azadlığın fövqündə dayanan şəhid oğullarımızı xatırlamaq hər kəsin mənəvi borcudur. Belə şəhidlərimizdən biri də Daşqın Rzalıdır. Rzalı Daşqın Elşad oğlu 1993-cü il mayın 27-də Culfa rayon Yaycı kəndində anadan olmuşdur. 2011-ci ildə Culfa rayon Yaycı kənd orta məktəbini bitirərək müddətli həqiqi hərbi xidmətə getmiş, 2013-cü ildə xidmətini başa vuraraq geri qayıtdıqdan sonra Dövlət Sərhəd Xidmətində müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu olaraq xidmətə başlamışdır. 2019-cu ilin sentyabr ayı Daşqın ailə həyatı qurur.
Vətəni sevmək, məsuliyyətli, nizamlı-intizamlı olmaq ona hələ kiçik yaşlarında ailəsində təbliğ edilmişdir. Müəllimləri Daşqını tərbiyəsi ilə yanaşı, sakitliyi ilə daha çox yadlarında saxlayıblar.
2020-ci il sentyabrın 27-si mənfur qonşularımız növbəti təxribata əl atan zaman ordumuz ərazilərimizin azad edilməsi üçün əks-hücum əməliyyatlarına başlayır. Vətənimizin digər igid oğulları kimi rayonumuzun yetirməsi Daşqın da müharibənin ilk günündən döyüş meydanında düşmənə layiqli cavab verərək mərdlik və qəhrəmanlıq göstərir. Murovdağ, Cəbrayıl, Zəngilan, Qubadlı istiqamətlərində gedən döyüşlərdə zəbt olunmuş yurd yerlərimizin erməni quldurlarından azad olunması zamanı gedən döyüşlərdə düşmənə sarsıdıcı zərbə vurur. Qubadlı rayonu istiqamətində gedən ağır döyüşlərdə 27 yaşlı Daşqın qəhrəmancasına şəhid olur.
Şəhidlik zirvəsinə ucalmamışdan öncə ailəsi ilə telefonla danışan Daşqının son sözlərini anası Gültəkin Rzayeva belə xatırlayır: “Ana, mən yaxşıyam, nigaran olma, tezliklə torpaqlarımızı geri qaytaracağıq. Mən evə qələbə sevinci ilə gələcəyəm”
Arzular bitməz... Bu, Daşqının arzuları idi. Döyüşdə düşmənə göz açdırmayan əsgərin arzusuna bax. Onun qəhrəmanlıqlarından nə qədər danışsaq, azdır. Daşqın kimi vətənpərvər insanlar öz ölümləri ilə ölümsüzlüyə qovuşur, əbədiyaşarlıq qazanırlar. Biz qalib gəldik, Daşqın. Şanlı ordumuz qələbə çaldı. Ruhun şad olsun, Şəhidim!
Səriyyə Salahova
“Arazın səsi” qəzeti