Qədim diyarda dinamik inkişafa nail olunması, uğurlu sosial-iqtisadi islahatların həyata keçirilməsi, mühüm Dövlət proqramlarının qəbul olunaraq icra olunması muxtar respublikamızı həm də beynəlxalq sferada yüksək tərəqqi tempinə malik müasir bir diyar kimi tanıdıb. Naxçıvanın rayon və kəndlərində aparılan kompleks quruculuq işləri, yaradılan müasir infrastruktur, açılan yeni iş yerləri ardıcıl və məqsədyönlü tədbirlərin bəhrəsidir. Düzgün siyasətin real bəhrələri və məntiqi nəticəsidir ki, artıq Naxçıvan əcnəbilər üçün də cəlbedici məkana çevrilib. Muxtar respublikamız təhlükəsiz, sabit, davamlı iş yerinin olduğu diyar kimi Türkiyə vətəndaşı Ali Kırıcını da heyran qoyub. Artıq uzun müddətdir ki, Babək rayonunda qanuni əsaslarla yaşayan, eləcə də haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan xarici ölkə vətəndaşlarından biri də Ali Kırıcıdır. Bir az da peşəmlə bağlı olduğundan, muxtar respublikamıza müxtəlif məqsədlərlə gələn xarici ölkə vətəndaşlarının diyarımızla bağlı təəssüratları həmişə diqqətimi çəkib. Buna görə də Ali Kırıcı ilə həmsöhbət olmaq qərarına gəldim.
– Muxtar respublikanın mövcud potensial imkanları sayəsində burada haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan xarici ölkə vətəndaşlarının sayı hər ötən il artan templə inkişaf edir. Siz də artıq bir neçə ildir ki, Naxçıvan Muxtar Respublikasında həm yaşayır, həm də əmək fəaliyyəti ilə məşğul olursunuz. Buraya ilk səfərinizi necə xatırlayırsınız?
– Buraya gəlişimizi çox yaxşı xatırlayıram. İlk dəfə Naxçıvan Televiziyasının çəkdiyi “Nuhun yurdu- Naxçıvan” adlı videoçarxı izlədikdən və burada olan dostlarımın məsləhətindən sonra Naxçıvan Muxtar Respublikasına səfər etmək qərarına gəldim. İlk əvvəl burada uzun müddət yaşayacağımı və gələcəkdə əmək fəaliyyəti ilə məşğul olacağımı ağlıma belə gətirmirdim. Sonra şahidi oldum ki, Naxçıvan həqiqətən də əlverişli biznes mühitinə, geniş iş imkanlarına, bir sözlə, bir insanın rahat yaşaya biləcəyi bütün zəruri potensiala sahib qədim və çox gözəl diyardır. Sabitlik və təhlükəsizliyi isə xüsusi qeyd etmək lazımdır. Çünki bu gün dünyanın hər hansı bir ölkəsinə və yaxud şəhərinə səyahət edərkən təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilir. Nəzərə alsaq ki, mən ailəmlə birgə buraya səfər edirdim, bu baxımdan mövzuya çox ciddi yanaşırdım.
– Bir az əvvəl qeyd etdiniz ki, artıq bir neçə ildir ailənizlə birgə muxtar respublikada həm yaşayır, həm də əmək fəaliyyəti ilə məşğul olursunuz. Təbii ki, mövcud prosedurların həyata keçirilməsi üçün Dövlət Miqrasiya Xidməti tərəfindən müvafiq icazələrlə təmin olunmusunuz.
– Bəli, artıq altı ildir ki, ailəmlə bərabər burada həm yaşayır, həm də əmək fəaliyyəti ilə məşğul oluram. İstər yaşamaq, istərsə də mövcud əmək fəaliyyəti ilə məşğul olmaq üçün tələb olunan müvafiq icazələr alınıb. Buraya ilk səfərim zamanı şahidi oldum ki, burada qanunsuz miqrasiyaya qarşı çox ciddi mübarizə tədbirləri həyata keçirilir. Dövlət Miqrasiya Xidmətinə ilk müraciətim Sədərək sərhəd-buraxılış məntəqəsinin miqrasiya bölməsindən başladı. Muxtar respublikaya daxil olduğumuzda miqrasiya bölməsində ailə üzvlərimlə birgə qeydiyyata alındıq. Ümumilikdə miqrasiya bölmələrinin fəaliyyətini çox yüksək qiymətləndirirəm. Çünki miqrasiya bölməsində zəruri prosedurlar həyata keçirilməsəydi, ailə üzvlərimlə birgə Dövlət Miqrasiya Xidmətinə gəlməli və burada qeydiyyat prosedurunu həll etməli idik. Hesab edirəm ki, bu da əlavə vaxtın itirilməsinə səbəb olardı. Qısa zaman ərzində əlavə vaxt itirmədən miqrasiya bölmələrinin əməkdaşları tərəfindən qeydiyyat prosedurumuz həll edildi. Xüsusilə qeyd etməliyəm ki, miqrasiya bölmələrinin əməkdaşları tərəfindən bizə operativ qaydada şifahi olaraq hüquq və vəzifələrimizlə bağlı mühüm məlumatlar verildi, yarana biləcək istənilən çətinlik qarşısında müraciətetmə qaydaları izah olundu. Bu gün hər hansı bir sənədləşmə problemimiz və ya miqrasiya sahəsində çətinliyimiz olduqda, yenə də rahatlıqla Dövlət Miqrasiya Xidmətinə müraciət edirik. İstəklərimi burada aydın şəkildə ifadə edə bilirəm. Xidmətdə çalışan əməkdaşlar dərhal mövcud problemlə maraqlanır, köməklik edirlər. Xidmətə hər dəfə müraciət etdikdə əməkdaşlar çox səmimi və mehriban münasibət bəsləyirlər.
– Bu gün sizin hüquq və azadlıqlarınız, vəzifələrinizlə yanaşı, Azərbaycan dilini, tarixini, eyni zamanda mədəniyyətini daha yaxşı öyrənməniz üçün Dövlət Miqrasiya Xidməti tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Həmin maarifləndirmə tədbirlərində mütəmadi olaraq iştirak edən xarici ölkə vətəndaşlarından biri də sizsiniz.
– Əminliklə deyə bilərəm ki, Dövlət Miqrasiya Xidməti tərəfindən Türkiyə Respublikası vətəndaşları da daxil olmaqla bu gün Naxçıvan Muxtar Respublikasında yaşayan və işləyən bütün xarici ölkə vətəndaşlarına son dərəcə xüsusi diqqət yetirilir. Bu səbəbdən də bizi məlumatlandırmaq üçün mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirirlər. Əlbəttə ki, mən də tez-tez bu tədbirlərdə iştirak edirəm. İlk öncə onu bildirim ki, bizlərə hüquq və vəzifələrimiz ətraflı izah edilərək slaydlarla müxtəlif məlumatlar verilir. Düşünürəm ki, başqa bir ölkədə olarkən hüquq və vəzifələrinizlə bağlı nə qədər çox məlumatlı olarsanız, o qədər rahat hərəkət etmə imkanına maliksiniz. Tədbirlər zamanı muxtar respublikanın muzeylərinə, tarixi məkanlarına, eyni zamanda turistik məkanlarına ekskursiyalarımız da təşkil olunur.
– İstərdim, son olaraq muxtar respublikamızla bağlı ümumi təəssüratlarınızı oxucularımızla bölüşəsiniz. Burada yaşadığınız və əmək fəaliyyəti ilə məşğul olduğunuz müddətdə diqqətinizi ən çox çəkən hansı amillər olub?
– Buraya gəlmədən əvvəl dünyanın bir neçə müxtəlif ölkəsində olmuşam. Tam səmimi deyə bilərəm ki, tarixi abidələrin bu qədər qorunduğu, onlara ikinci həyatın verildiyi, həmçinin insanların rahatlığı və məmnuniyyəti hesabına bütün zəruri imkanların yaradıldığı, eyni zamanda təmiz və gözəl şəhər tapmaq çox çətindir. Buranın tarixi keçmişinə dəyər verən insanları var. Dünyanın çox az yerində qədimdən bu günə qalan köhnə, uçuq abidələr əvvəlki görkəminə qaytarılır və qorunub muzeyə çevrilir. Burada ən çox diqqətimi çəkən isə dini tolerantlıq oldu. Nuhun yurdu islami dəyərlərlə zəngindir. Məscidləriniz çox gözəldir, onları da sərbəst şəkildə ziyarət edirəm. Dünyanın bir çox dövlətlərini gəzmişəm, amma ən böyük, iqtisadi gücü ilə öyünən ölkələrdə belə, muzey ziyarəti üçün mütləq ödəniş etməli olursan. Amma burada muzeylərin və tarixi abidələrin girişi pulsuzdur. Bu, turistlər və yerli sakinlər üçün çox cəlbedicidir. Bir az əvvəl də dediyim kimi mən burada ailəmlə birgə yaşayıram. Övladlarım burada məktəbə gedir. Muxtar respublikada özümüzü ölkəmizdə, vətənimizdə olduğu kimi təhlükəsiz, rahat və əminlikdə hiss edirik. Bəzən Naxçıvanda insanlar rahat şəkildə avtomobilini və ya dükanını açıq vəziyyətdə qoyub harasa gedirlər. İlk vaxtlar gördüklərim mənə çox qəribə gəlirdi, sonra bildim ki, bu, muxtar respublikada insanların həyat tərzidir. Sakit və təmiz küçələr, müalicə mərkəzləri, tarixi məkanlar, müxtəlif otel və restoranlar… Ümumiyyətlə, Naxçıvanı çox bəyənirəm. Hətta ən ucqar kəndlərdə belə təmirli məktəblər var. Qanunlar işləyir. Demək olar ki, yolların hamısı təmirlidir. İnsanları çox səmimi, mehriban və qonaqpərvərdir. Əcnəbilər üçün yaradılan bütün bu imkanlara görə minnətdarlığımı bildirirəm.
– Müsahibə üçün sağ olun.
Arif Bayramov
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin
mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi
“Şərqin səhəri” qəzeti