Şuşadan mənə xarıbülbül gətir… - FOTOLAR
“Nə olaydı, bir quş olaydım, gedib anamın qoxusunu içimə çəkib gələydim. Mənə güc verən yeganə varlıq anamdı. Ana, sən dua elə, Qarabağı alaq. Mən sənin dualarına inanıram”.
20 yaşlı Vətən müharibəsi şəhidi Xansu Qurbanov
Qarşımda bir ana oturmuşdu. Şəhid anası. O qədər qürurlu, o qədər məğrur görünüşü vardı ki… Gözlərində evinin yeganə kişisi, tək çırağı, ümidi, pənahı Xansunun qəhrəmanlıq heykəli ucalırdı. Söhbət elədikcə, hərdən dodaqları titrəsə də, udqunub göz yaşlarını içinə, ürəyinə axıdırdı. Çünki Xansu anasına möhkəm-möhkəm tapşırıb ki, şəhid olsa, ağlamasın...
Vətən müharibəsində şəhid olmuş Qurbanov Xansu Elsevər oğlu…
2000-ci il sentyabrın 23-də Babək rayonunun Cəhri qəsəbəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2018-ci il oktyabrın 1-dən 2020-ci ilin martın 1-nə kimi Naxçıvan şəhərində N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra könüllü olaraq orduda qalıb. Kəşfiyyatçı olaraq hərbi təlimlərə davam edib. Xansu 2020-ci ilin oktyabrın 6-da Qarabağa yola düşən ilk könüllülərin cərgəsinə qatılır.
Naxçıvandan Bakıya, oradan da cəbhə bölgəsinə yola düşməmişdən qabaq bəzi əşyalarını götürmək üçün iki günlüyə evə gəlir, anası, bacıları ilə vidalaşır. Anasının sözüylə desək, sanki vəsiyyətini edir:
-Ana, mən gedirəm. Hər şey ola bilər, şəhid ola bilərəm. Nə olur olsun, sən ağlama… Onu bil ki, sən ağlasan, sanki mənim qol-qıçımı qırıb yenidən tabuta yığırsan. Sevin ki, mən Qarabağı azad etməyə gedirəm...” Yəmən xanım oğlunun bu sözlərinə ürəyində çox sıxılsa da, onu deyə-gülə yola salıb. Zarafatla da deyib ki, Qarabağı otuz ildi heç kəs ala bilmədi, elə olar, sən alarsan”.
Xansunun ürəyində çox arzusu vardı. Onu canlarından əziz bilən bacılarının ali təhsil almasını istəyirdi. Hər iki bacı-qardaş istəyini yerinə yetirmək üçün səylə çalışdılar. Böyük bacı Xatun Qurbanova Naxçıvan Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı tədrisi metodikası və metodologiyası” fakültəsinin magistr üzrə birinci kurs tələbəsidi. Aysu bacısı isə Naxçıvan tibb kollecinin ikinci kursunda oxuyur. Xansu kiçik yaşlarından əlindən gəldiyi qədər işləyib, anasına dayaq durub. Ali təhsil almaq arzusu ürəyində qalsa da, ailəsi və öyrəndiyi hərbi biliklər onun üçün vətən, vətənpərvərlik məktəbinə çevrilib. Ən böyük istəyi isə Qarabağı düşməndən almaq olub.
-Bircə Qarabağı alsaydıq...! Biz Mübarizlərin, Poladların intiqamını mütləq almalıyıq. Mən adımı Mübariz İbrahimovun adının yanına yazdıracağam, deyərdi. Xansu kimi oğulları ürəklərindəki güclü inam qələbəyə çox yaxın olduqlarına inandırmışdı. Bəli, otuz ildə inanmadığımıza qırx dörd gündə inandırdılar bizi. Xəyallarımızı möcüzəli həqiqətə çevirdilər, Qarabağı aldılar düşməndən Xansu kimi oğullarımız.
Xansunun son telefon danışığı 27 oktyabrda olur. Bacısı Xatunla danışır. Yolumuz Şuşayadır, bacı, tezliklə qələbə xəbəri ilə gələcəyəm, deyir. Bacısı ondan gələndə xarıbülbül çiçəyi gətirməsini istəyir. Inşallah, bacı, siz anamdan muğayat olun, darıxamağa qoymayın. Daha zəng vurmaq mümkün olmayacaq. Getdiyimiz yerdə telefon çəkmir, deyir…
“Bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəri, Azərbaycan zabitidir”. Öz ordusunu, əsgərini arxasınca ləyaqətlə, cəsarətlə aparan Ali Baş Komandanımızın sözləridir. Xansu Qurbanov bu əsgərlərdən biri idi. Kəşfiyyatçı olduğu üçün hər zaman öndə gedən, cəsurluğu, qətiyyəti ilə əsgər yoldaşlarına örnək olan igidimiz. Hadrutdan başlanan döyüş yolunda addım-addım qələbə qazanaraq ən ağır döyüşlər gedən Qırmızı Bazar qəsəbəsinə yoldaşları ilə bir yerdə çatır. Hər gün neçə yoldaşı yanında yaralanır, şəhid olur. Şuşaya gedən yüz iyirmi nəfər könüllü arasında ön sırada durur. Komandirləri xəbərdarlıq edir: "Bu yolu getmək istəyən azadlığın ölüm şərbətini içib getməlidir, hazırsınızmı?" “Hazıram!" deyənlərin birincisi olur Xansu.
Şuşanın alınması Vətən Müharibəsinin qəhrəmanlıq dastanının ən şərəfli, ən qürurlu və ən ağrılı səhifəsidir. Noyabrın 8-i Şuşa şəhəri azad edilir. Və səhərisi gün müharibənin dayanmasına saatlar qalmış Xansu əsgər yoldaşları ilə birlikdə düşmənin xain gülləsinə tuş gəlir. Son sözləri bu olur: Anama deyərsiniz ki, o inanmırdı, amma mən Şuşanı, Qarabağı aldım. Başını dik tutsun, heç zaman ağlamasın…
Otuz ilin ağrısını, acısını,
Həsrətini, sancısını
Qırx dörd gündə bitirmişəm.
Qırx dörd günün hər anında
Gözlərimi, ayağımı,
Əllərimi, qollarımı, bədənimi itirmişəm.
Əvəzində... Əvəzində
Bütövləşib böyümüşəm.
Yenilməyən ordu adı, qazi adı,
Əbədiyyət yollarını fəth eyləyən şəhid adı,
Qalib adı qazanmışam.
Anaların, bacıların üzağlığı
Namusumu, vicdanımı,
Son borcumu qeyrətimdə
Gətirmişəm, Vətən, sənə!
Qarabağı bayrağımda gətirmişəm, Anam, sənə!
Xansu Qurbanov bacısına söz verdiyi xarıbülbülü gətirə bilmədi. Özü şəhidliyin simvolu olan xarıbülbülə döndü, xalqına, millətinə, ailəsinə bütöv Qarabağı hədiyyə etdi. Ən gözəl, şərəfli ad- Şəhid adı gətirdi. Bu gün evlərini bəzəyən, anasına baş ucalığı, qürur bəxş edən üçrəngli Vətən Bayrağını gətirdi.
Hər şey vətən uğrunda, demişdin. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020- ci il tarixli sərəncamı ilə layiq görüldüyün “Vətən uğrunda” medalı sənin bu sözünə şərəfli bir cavabdı, igidim!
Anası Yəmən xanımla söhbətimizdə "Elə bilirəm, Şuşanı, Qarabağı elə mənim oğlum alıb. O qədər qürurluyam." deməsi heç yadımdan çıxmır. Bircə onu deyə bilərəm ki, bütün şəhid, qazi analarının bu sözü deməyə haqqı var. Çünki canlarıyla vətənin Qarabağ yarasını sarıyıb, xalq şairi Bəxtiyar Vahabzadə demişkən, “Üçrəngli bayrağı öz qanlarıyla vətən göylərinə çəkdi şəhidlər”. Bu müharibədə Azərbaycan əsgəri öz adına layiq olduğunu bütün dünyaya bir daha sübut etdi.
Tarixmizi yenidən yazaraq tarixə dönən 2783 igid ürəyin xarıbülbül hekayəsində bəlkə də yeganə nadir ad olan Xansu adıyla əbədi olaraq yaddaşımıza köçdün. Məkanın cənnət, ruhun şad olsun, şəhidim!
Təranə Arifqızı