DİN sosial şəbəkələrdə saxta hesablar vasitəsilə insanların aldadılması ilə bağlı vətəndaşlara xəbərdarlıq edib
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə ölkə rəhbərliyinin adına açılan və insanları aldadan saxta hesablarla bağlı vətəndaşlara xəbərdarlıq edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov jurnalitslərə açıqlamasında bildirib ki, sosial şəbəkələrdə ölkə rəhbərliyinin adına saxta hesablar yaradılmaqla həmin hesablarda müxtəlif saytların ünvanları ödənişli reklam edilməklə paylaşılır: “Göstərilən ünvanlara daxil olduqda isə reklam saytlarına yönəldilir və daxil olmaq üçün qeydiyyat və kart məlumatları istənilir. Bu yolla məlumatlarını daxil edən istifadəçilərin kart məlumatlarının oğurlanmasına cəhdlər olunur. Bununla əlaqədar Daxili İşlər Nazirliyi və digər aidiyyəti dövlət qurumları məsələni nəzarətə götürərək araşdırmalara başlayıblar. Daxili İşlər Nazirliyi vətəndaşlarımızı belə saxta hesablara inanmamağa, sosial şəbəkələrdən istifadə edərkən ayıq-sayıq olmağa çağırır".