Məhkəmə müstəvisində işi araşdırılan istənilən şəxs məhkəmənin çıxardığı hökm və ya qərardan apelyasiya şikayəti vermək hüququna malikdir. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü ləğv edə bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində birinci instansiya məhkəməsinin hökm və ya qərarıın dəyişdirilməsi mümkün olan hallar nəzərdə tutulub.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumatına görə Məcəllənin 405-ci maddəsinə əsasən, Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü aşağıdakı hallarda dəyişdirir:
- cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə;
- cinayətin tövsifini dəyişdirdiyi və az ağır cinayət haqqında cinayət qanunvericiliyini tətbiq etdiyi halda;
- tutulmalı olan məbləğləri azaltdıqda və ya həmin mәblәğlәri artırdıqda, belə artırma ittihamın həcminə və cinayətin tövsifinə təsir göstərmədiyi halda;
- hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda.
- Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını da dəyəşdirə bilər. Belə ki, ictimai təhlükəli əməlin tövsifinin dəyişdirilməsi və daha yüngül cinayət haqqında cinayət qanununun normasının tətbiq edilməsi, tərbiyəvi və ya tibbi xarakterli məcburi tədbirlərin yüngülləşdirilməsi və ya ağırlaşdırılması, hüquqi şəxs barəsində tətbiq edilən cinayət-hüquqi tədbirlərin yüngülləşdirilməsi və ya ağırlaşdırılması hallarında Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirir.