NUHÇIXAN xəbər verir ki, Şərur Rayon İcra Hakimiyyətində 2018-ci ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunları və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasından irəli gələn vəzifələrə həsr olunan müşavirə keçirilib. Müşavirədə rayon icra hakimiyyətinin başçısı Kamal Cəfərov məruzə edib. Bildirilib ki, 2018-ci ilin birinci yarısı Şərur rayonunda abadlıq-quruculuq tədbirlərinin geniş miqyasda həyata keçirilməsi ilə yadda qalıb. Belə ki, may ayının 16-da Şərur şəhərinin və ətraf kəndlərinin içməli su təchizatı, kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin birinci mərhələsi başa çatıb. Hazırda İbadulla, Kərimbəyli, Kosacan kəndlərində tam orta məktəblərin, həkim ambulatoriyalarının, kənd və xidmət mərkəzlərinin, Tarix-Diyarşünaslıq muzeyinin, Naxçıvan Avtomobil Zavodunun texniki servis mərkəzinin, Şərur şəhər uşaq poliklinikasının, Yengicə kəndində hamam binasının və digər obyektlərin tikinti və yenidənqurma işləri davam etdirilir.
Şərur rayonunda aqrar sahədə qazanılan uğurlar ildən ilə artmaqdadır. 2018-ci ilin birinci yarımilində 49 milyon 486 min 800 manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. 17 min 115 hektar sahədə əkin keçirilib. Həmçinin rayonda heyvandarlıq, arıçılıq, üzümçülük, tütünçülük təsərrüfatları da genişləndirilib.
Məruzə ətrafında çıxışlar olub.
Cavid Səfərli
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.