Şahbuzda ailə təsərrüfatı məhsullarının satış yarmarkasına çıxarılan məhsulların 90 faizi satılıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz şəhərində Heydər Əliyev prospektində təşkil olunan növbəti ailə təsərrüfatı məhsullarının satış yarmarkasında rayonun 24 yaşayış məntəqəsindən 50-ə yaxın ailə təsərrüfatı sahibləri iştirak edib. Yarmarka iki gün davam edib. Ailə təsərrüfatçıları tərəfindən 11 növdə, 104 adda 2958 qablaşdırılmış məhsulların satışı təşkil olunub. Qaymaq, xama, müxtəlif növ mürəbbələr, pendir, qatıq, cəviz, meyvə araqları, eləcə də turşular, kompotlar, Şahbuz təbiətinin nemətlərindən olan və min bir dərdə dəva bitkiləri alıcılara təqdim olunub.
Eyni zamanda yarmarkaya ailə təsərrüfatları tərəfindən qablaşdırılmış alça, göycə, ərik, tut və digər meyvə quruları da çıxarılıb. Ailə təsərrüfatı məhsullarının satışı alıcılar tərəfindən razılıqla qarşılanıb, məhsulların 90-95 faizi istehlakçılar tərəfindən münasib qiymətə alınıb.
Sağlamlıq imkanları məhdud şəxslərin əl işləri isə alıcılar tərəfindən maraqla qarşılanan və ən çox alınan məhsullar sırasında olub.
Qeyd edək ki, Şahbuz rayonunda 131 ailə təsərrüfatı fəaliyyət göstərir.
Novruz Məmmədov