Kollektivlər Naxçıvan şəhərindəki muzeylərdə olublar - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ötən şənbə nazirlik, komitə, idarə və təşkilatların kollektivləri Naxçıvan şəhərindəki muzeyləri ziyarət edib, tariximizin saxlanc yerlərində nümayiş edilən eksponatlarla ətraflı tanış olublar.
Muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsinə və təbliğinə şərait yaradan muzey günləri çərçivəsində ötən şənbə günü Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının kollektivi Dövlət Rəsm Qalereyasını, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivi Duz Muzeyini, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun kollektivi Biznes Mərkəzini, Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşları Yusif Küseyir oğlu türbəsini, Daxili İşlər Nazirliyinin nümayəndələri Milli Dəyərlər Muzeyini, Maliyyə Nazirliyinin kollektivi Xan Sarayı Dövlət Tarix-Memarlıq Muzeyini, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşları isə Əlincəqala Tarix-Mədəniyyət Muzeyini ziyarət ediblər. Həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin kollektivi Xatirə Muzeyində, Səhiyyə Nazirliyinin əməkdaşları Bəhruz Kəngərli Muzeyində olublar.
Həmin gün Ədliyyə Nazirliyinin əməkdaşları Heydər Əliyev Muzeyini, Fövqəladə Hallar Nazirliyinin kollektivi Dövlət Bayrağı Muzeyini, Mədəniyyət Nazirliyinin kollektivi Hüseyn Cavidin ev muzeyini, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini ziyarət ediblər. Eləcə də Gənclər və İdman Nazirliyinin əməkdaşları Cəlil Məmmədquluzadənin ev muzeyində, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Xalça Muzeyində, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin kollektivi Cəmşid Naxçıvanski Muzeyində, Dövlət Gömrük Komitəsinin əməkdaşları isə Naxçıvan Dövlət Tarix Muzeyində olublar.
Mahmud Hüseynov