Sərsəng su anbarı Ermənistan tərəfindən əhaliyə qarşı ekoloji terror vasitəsi kimi istifadə olunub

A- A A+

Qarabağ ərazisində olan Sərsəng su anbarı Tərtərçayın üzərində inşa edilib. Sərsəng su anbarı uzun müddət erməni işğalında olan ərazidə qalıb və Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olub. Həmin su anbarı respublikanın 6 rayonunun - Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədinin 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. İndiyə kimi su anbarının bəndinə və onun qurğularına texniki xidmət göstərilmədiyi üçün o qəza vəziyyətindədir. Hazırda Sərsəng su anbarının əhali üçün ciddi təhlükəsi var, dağılma ehtimalı olan yerləri seysmoloji-geofiziki üsullarla öyrənilməli, qabaqlayıcı mühəndis texniki tədbirlər görülməlidir. Sərsəng su anbarının yerləşdiyi ərazinin relyefi çox mürəkkəbdir, yamaclar kəskin bucaq altında yatır. Ərazinin seysmikliyi burada sürüşməyə meyilli sahələrin yaranmasına səbəb ola bilir. Ərazinin geodinamik aktivliyi daima nəzarətdə saxlanılmalı, orada müvafiq müşahidələr aparılmalıdır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Qurban Yetirmişli deyib.

Mərkəzin baş direktoru bildirib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində bölgədə ətraf mühit həmişə çirkləndirilib, ermənilər bilərəkdən Azərbaycanın əkinçilik üçün yararlı torpaqlarının suvarılmasında su qıtlığı yaradıb, həmçinin həmin anbarlarda suyu yayda saxlayıb və qışda bəndləri açaraq əkin sahələrini, kəndləri suya basıblar. İndiyə kimi ətraf ərazilərdə, anbarın bənd hissəsində dağıntı riski ola biləcək yerlər müəyyənləşdirilməyib, qəza riski olan ərazilərin seysmoloji-geofiziki tədqiqatı aparılmayıb. Uzun illərdir ki, vəhşi ermənilər tərəfindən istismar olunduğundan Sərsəng bəndinin texniki cəhətdən hansı vəziyyətdə olması yoxlanılmalıdır.

Sərsəng su anbarı Ermənistan tərəfindən əhaliyə qarşı ekoloji terror vasitəsi kimi istifadə olunub. Qəza vəziyyətində olan su anbarından aşağıda yaşayan minlərlə əhali isə daim təhlükə altında saxlanılıb.

Azərbaycanın şanlı ordusu tərəfindən Suqovuşan kəndi azad olunduqdan sonra Suqovuşan su anbarından suyun buraxılmasına nail olunub. Hazırda su anbarından buraxılan suların nizamlanması nəticəsində Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi, eyni zamanda, ekoloji tarazlığın təmin olunmasında mühüm addımlar atılır. Su anbarı kompleksinə lazımi texniki xidmətin göstərilmədiyi, istifadə olunan avadanlıqların köhnəldiyini nəzərə alaraq, ilk növbədə, kompleksin texniki vəziyyətinin qiymətləndirilməsinə, bənddə qəza riskinin seysmoloji-geofiziki üsullarla öyrənilməsinə çox ehtiyac var.

Son illər ərzində ölkəmizin meliorasiya sahəsində mühüm layihələr həyata keçirilir, o cümlədən Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən Mingəçevir və Taxtakörpü su anbarlarının seysmik dayanıqlılığı öyrənilir. Biz qazandığımız təcrübəni yaxın perspektivdə Sərsəng, Suqovuşan su anbarlarında tətbiq edəcəyik. İşğaldan azad edilən ərazilərdə seysmik-geofiziki tədqiqatların aparılması üçün Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları çox böyük təcrübəyə və texniki potensiala malikdirlər”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: