Yalvaran erməni qadın və ya məhv olan Ermənistan

A- A A+

“Əgər erməni əsgəri ölmək istəmirsə, onda rədd olsun Azərbaycan torpağından!”- bu məşhur ifadə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məxsusdur. Ali Baş Komandan bu ifadəni  təkcə 2020-ci ilin noyabr ayına qədər Azərbaycan torpaqlarında işğalçı kimi xidmət edən erməni əsgərlərinə deyil, bütün erməni xalqına bir xəbərdarlıq kimi ünvanlamışdı. O zaman bu sərt və kəskin ifadənin onlar üçün nəyin bahasına başa gələcəyini ilk növbədə erməni qadınları, anaları başa düşməli idilər. Çünki uzun illərdir silahlı və cinayətkar xuntanın rəhbərlik etdiyi Ermənistan tam şəkildə başıpozuq, cinayətkar bir dövlətə çevrilib. Bunu küçədən hakimiyyətə gələn siyasi təlxək Paşinyan kimi birisini özlərinə hökumət rəhbəri seçəndə ermənilər bir daha sübut etdilər.

  Bu gün maraqlı faktdır ki, Azərbaycanın Ermənistana qarşı apardığı 44 günlük zəfər dolu Vətən müharibəsində oğlunu itirən erməni əsgərinin anası övladını tapmaq üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən kömək umur. Təsəvvür edirsinizmi, özlərinin dünyada guya çox güclü rıçaqlara, imkanlara malik olan  diaspora və lobbisindən, Ermənistan prezidenti və baş nazirindən, siyasi partiyaların və müxalifətin nümayəndələrindən deyil, məhz qalib Azərbaycan Ordusunun Ali Baş Komandanından düşmən tərəfin təmsilçisi, vətəndaşı olan qadın–ana İrəvanın mərkəzində  nümayişkaranə bir acizliklə imdad diləyir! Təbii ki, bu ilk növbədə Azərbaycan Prezidentinin humanistliyi və bir insan kimi mənəvi dəyərlərinin, dünya səviyyəli siyasət adamı, dövlət xadimi kimi    göstəricisidir. Hətta ordusu üzərində zəfər çaldığı düşmənin belə ona güvənməsi isə verdiyi sözün sahibi olması və siyasi lider kimi qətiyyətinin nəticəsidir.

 Sözsüz ki, biz Azərbaycan xalqı olaraq başqasının kədəri və dərdi üzərində heç vaxt manipulyasiya etməyi sevməmişik. Hətta bəzi insanların: “Qəlbimizdə Allah xofu var!”, - deyərək düşmənə belə mərhəmət göstərməsi ilə bağlı yetərincə faktlar var. Amma və lakin etiraf edək ki, erməni qadının bu addımı Ermənistanın bir dövlət kimi məhvinin və siyasi məğlubiyyətinin açıq-aydın təsdiqidir.

“Necə edim ki, mənim səsimi İlham Əliyev eşitsin? Əgər o mənim səsimi eşitsə, əlimdən tutub deyəcək ki, gəl birlikdə oğlunu tapaq. Mən buna əminəm. Əgər sizin imkanınız varsa, İlham Əliyevə övladlarımızı tapmaq üçün bizə təyyarə göndərməsini çatdırın. Əgər o bu xəbəri eşitsə, mütləq yardım edəcək. Buna əmin olun. Bizə ondan başqa heç kəs kömək edə bilməz”-bu ifadələri də erməni qadın İrəvanda keçirilən mitinqdə jurnalistlərə deyib. Düzdür, övladını itirən bir ananın kədəri, faciəsi göz qabağındadır. Yuxarıda qeyd etdiyim kimi, bunun üzərində dayanmaq istəmirəm, hətta tezliklə oğlunun meyidinin tapılıb ona verilməsinin tərəfdarıyam(!). Amma yenə də yaranmış vəziyyətdən bir sual doğur: Bəs sizə deyəndə ki, erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpağından, onda nə düşünürdünüz? Çox güman ki, onda indi gözüyaşlı, köməksiz halda yalvaran bu analar cinayətkar Ermənistan hakimiyyətinin “yenilməz qalib ordusu” haqqında danışdığı nağıllara inanırdılar.

Mən şəxsən çox ürəyiyumşaq və heç kəsin faciəsinə sevinən biri deyiləm. Ancaq 1990-cı illərin əvvəlində ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər, döyüşdə şəhid olan əsgərlərimizin, mülki şəxslərin cəsədlərinə qarşı təhqiramiz hərəkətlər etmələri və bunları kamera ilə çəkib nümayişkaranə paylaşmaları ilə heç vaxt barışmadım. 1993-cü ildə Kəlbəcərin işğalı zamanı nənəsinin yalvarışlarına baxmayaraq 14-15 yaşlı, gözündə qorxu olan bir   yeniyetməni terrorçularla dolu BMP-nin zərinə çıxararaq girov götürmələri, əsir düşən Azərbaycan əsgərinə silah gücü ilə əsgər marşı oxutmaları, Xocalıda ermənilər tərəfindən qətlə yetirilən 5-6 yaşlı yarıçılpaq uşaqların donmuş cəsədləri... kimi səhnələr heç vaxt yadımdan çıxmaz və məndə ermənilərə qarşı sonsuz nifrət yaradıb. Tanrının işinə bax ki, bu cür vəhşiliklər edən bir xalq indi miskin və məğlub halda Azərbaycan Prezidentindən imdad diləyir...    

Bu yalvarışlardan öncə başqasının torpağını işğal edib, onun insanlarını öldürəndə, körpələri, qadınları, qocaları güllə-baran edəndə, kəndləri yağmalayanda, gözəl, yaraşıqlı şəhərləri talan edib, “ruhlar şəhəri”nə, “Qafqazın Xerosiması”na çevirəndə, daş üstə daş qoymayanda bunu düşünmək lazım idi. Düşünmək lazım idi ki, kiminsə ordusunun köməyi ilə zorla torpaqlarından qovulan azərbaycanlıların min zəhmətlə, dişi-dırnağı ilə tikdiyi, inşa etdiyi evləri xarabazara çevirib, oradan əldə edilən qazancı övladına yedirən bir xalqın taleyi belə acınacaqlı, rəzil və miskin olacaq. Bəs nə vaxtsa İLAHİ ƏDALƏTİN ortaya çıxacağı, görəsən, Ermənistanın rəhbərlərinə, təcavüzü dəstəkləyən vətəndaşlarına, erməni analarına məlum deyildi?! Axı hər yerdə özlərini əsl xristian kimi təqdim edib, bu dinin atributu sayılan xaçı az qala özününküləşdirən və terroru dəstəkləyən erməni rahibləri bilmirdilərmi onların tapındığı İsa peyğəmbər buyurub: “Qılıncla gələn qılıncla da məhv olar”?!               

Həmişə övladını dünyada azərbaycanlılara-türklərə qarşı kin, nifrətlə  tərbiyə edən, qonşuları ilə torpaq, ərazi davası edən ermənilər üçün indi də bunu düşünmək gec deyil!

                                                      Səməd Canbaxşiyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: