Onlar vətəni, torpağı, bayrağı seçdilər, bu amal uğrunda can verdilər. Ata, ana, bacı, qardaş, övlad, yar sevgisi Vətən sevgisi ilə əvəz olundu. Geriyə qalan isə bütün tarix boyu yaşayacaq olan göstərdikləri igidlik və qəhrəmanlıqlar, azad Qarabağ torpaqları, bir də onlardan əksi çökmüş şəkillər, xatirələr oldu. İndi hər birinin ömür yolu bir dastan tək oxunur. Dillərdə nağıla, dastana, nəğməyə, şeirə dönüb şəhidlər.
Şəhidim Sahil! Cənnətməkanında, behiştin qoynunda necə də şairanəsən. Bir vaxtlar sənə dərs deyən müəllimin indi şeirlər yazır səndən, sənin qəhrəmanlığından.
Dərvişlər kəndinin qəhrəman oğlu,
Döyüş tarixinə bir imza atdı.
Keçərək müqəddəs bir döyüş yolu,
Şəhidlik adına qürurla çatdı.
Müzəffər ordumuzun o döyüş tarixinə, Vətən müharibəsinə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlısı, kəşfiyyatçı Cəlilov Sahil Oktay oğlu da qəhrəmanlığı və alnından axan qanı ilə bir imza atdı. Yaşadığı evin bir addımlığında yerləşən o kiçik məktəbin sinif otaqlarından başladı onun vətən sevgisi, mənfur düşməndən qisas almaq istəyi. "Xocalının qisasını mən alacam",- dedi. Qəlbindəki o qisas yanğısı Sahili hərbi xidmətdən Əlahiddə Ümumqoşun Orduya apardı. Vətəni qorumağı şərəf bildi özünə. Hərbçi kimi cəmi bircə il çalışdı. Amma bu qısa zaman ərzində neçə-neçə Fəxri fərmanlara layiq görüldü. Hər bir təlimdən üzüağ, alnıaçıq çıxdı. Elə Vətən savaşından da... Od nəfəsindən, məğrur duruşundan, qorxmaz simasından düşmən kiridi. Sərrast atəşi neçə-neçə erməni dığasını o dünyalıq etdi.
Döyüş meydanında silahdaşlarının harayına çatan igidim. Özünü oda, alova atıb həyatını xilas etdiyin o oğullar, bu xalq sənə bir ömür borcludurlar. İndi hər biri qürurla danışır səndən, adını çəkəndə dodaqları titrəyir. “Sahil elə oğul idi ki...” dedirtdin sən onlara.
Şəhidlik alın yazısı oldu Sahilin. Vətən müharibəsinin başlandığı ilk gündən müqəddəs Qarabağ torpağı uğrunda vuruşmağı o da istədi, bu yolda şəhidlik arzuladı özünə. Bu həyatda, bu ömür payında nə qədər insan öz arzusuna çata bilir ki?! O, Vətən torpağı uğrunda gözü qara döyüşdü düşmənlə, hünər göstərdi, canından keçdi, adına şan qatdı və arzusuna çatdı.
Sinif otağında müəllimi Mirdamət Seyidova verdiyi sözü tutdu. Tökülən şəhid qanlarının, körpə uşaqların, anaların, ataların- Xocalının qisasını aldı. Ömrünün baharında canını vətənə qurban verməklə təkcə atası Oktayın yox, bütöv Azərbaycanın oğlu oldu Sahil.
Qəlbindəki vətən sevgisi bir ümmana dönən Vətən sevdalı şəhidim. Uşaqlıqdan qorxmazlığın, qoçaqlığın, cəsurluğun, yaşından böyük işlərin öhdəsindən layiqincə gəlməyin, qayğıkeşliyin səni bütün kənd əhlinin gözündə ucaltdı. Bu gün isə hər bir azərbaycanlının gözündə ucalmısan. Bu vətən, bu xalq uğrunda göstərdiyin qəhrəmanlığın qiymətini verdi, abidən qəlblərdə ucaldı.
Dünyaya heç kim qəhrəman olaraq gəlmir, qəhrəmanlar döyüşdə doğulur, deyirlər. Sən də Qarabağ uğrunda gedən döyüşlərdə şücaətinlə və ömrünü Vətənə pay verməklə yenidən doğuldun bizim üçün. Özü də əbədi bir qəhrəman kimi... Vaxtilə: “Ölüm bizə nə yaxındır, nə uzaq. Biz ölümün özüyük… Bir gün vətən uğrunda şəhid olsaq, bu bizim üçün ən böyük şərəfdir”,- deyə yazdın. O müqəddəs torpaqlara azadlıq toxumunu səpən oğullardan biri də sən oldun. Örnək oldu 23 illik qısa ömür yolun. Elə bu yaşında qaldın yaddaşlarda. Fəsillər dəyişib illər ötsə də, nur üzlü siman və əməlin heç vaxt qocalmayacaq. “Ölümü ilə ölümsüzləşən Sahilim”,- deyən atan adını bir dənizin sahilindən aldı. Vətənə olan sevgin isə sahilsiz bir dəniz oldu.
Məzarın qərənfilləri, bayraqları köksünə sıxıb, səndən danışanda qürurlu, həzin bir səslə dinir atan. Qismət olmadı, sənə toy etsin. “Sahilin toyu şəhidliyi, bəy libası üçrəngli bayraq, xoşbəxtliyi Qarabağ oldu”,- deyir. Axı sən özün də belə demişdin: “Xoşbəxtlik Qarabağa gedən yoldur”.
“İgid ölər, adı qalar” deyiblər. Sənin də igidliyin, qəhrəmanlığın adını yaşadacaq, şirin xatirələrə dönüb ölməzliyə qovuşan Şəhidim, rahat uyu! Ömrün şərəfli davamı olan bu yolda səninlə fəxr edəcək nə qədər insan, səninlə öyünəcək nə qədər dost-tanışın var. Harayına çatdığın vətən, bu xalq, bir də o balaca kəndinin sakinləri unutmayacaq səni... Çünki sənin kimi oğullar düşmənə diz çökdürdü və bu çöküşün parlaq günəşinin şəfəqləri Bakının Azadlıq meydanında doğdu bir gün. O gün siz də unudulmadınız, vətənin aydın səmasında dolaşan ruhlarınız göründü... Axı bu şanlı, şərəfli günləri siz bizə yaşatdınız, bu zəfərin səbəbkarı siz oldunuz.
Türkanə Əmoyeva