Dövlət qulluqçuları Qarabağlar Türbə Kompleksini ziyarət ediblər - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Muzey günləri” çərçivəsində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin və İcbari Tibbi Sığortanın kollektivləri Qarabağlar Türbə Kompleksində olublar. Ziyarətçilərə məlumat verilib ki, dünya əhəmiyyətli abidələr sırasında olan və XII-XIV əsrlərə aid edilən Qarabağlar Türbə Kompleksi orijinal quruluşu qorunmaqla bərpa olunub.
Ziyarətçilərə kompleksin xanəgah hissəsindəki eksponatlar barədə məlumat verilib. Burada sakinlər tərəfindən hədiyyə edilən qədim məişət əşyaları ilə yanaşı ərazidə aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri də sərgilənir. Qarabağlar Türbə Kompleksinin bərpadan əvvəl və bərpadan sonra çəkilmiş fotoşəkilləri, o cümlədən kətan üzərində yağlı boya ilə işlənmiş “Qarabağlar türbəsi” rəsmləri, Naxçıvanın tarixini və Qarabağlar Türbə Kompleksi haqqında məlumatları özündə əks etdirən kitablar ekspozisiyanın dəyərli eksponatları kimi diqqəti çəkib.
Məhəmməd Fərəcov