“Torpaq bizi səsləyirdi. Tələsirdik düşmənə ağır zərbələr endirib, doğma torpaqlarımıza ayaq basmağa. Tələsirdik illərdir həsrəti ilə yanıb göynədiyimiz doğma torpaqlarımızı geri almağa. Vaxt, zaman yetişdi. Döyüş əmrini alıb irəli yeridik”. Bu sözləri deyən naxçıvanlı igidimiz İlkin Hümbətovdu. İlkinin atası vaxtsız vəfat etdiyindən, anası Tünzalə xanım onu tək böyüdüb, boya-başa çatdırıb. Bu mərd, cəsur oğlanın ən böyük arzusu hərbçi olmaq idi. Bu sevgi ona hələ məktəb yaşlarından hakim kəsilmişdi. Hələ orta məktəbdə oxuyarkən müəllim sərbəst mövzuda inşa yazmağı tapşırır, elə bu zaman İlkin inşaya bu kəlimələrlə başlayır: “Ən böyük arzum hərbçi olub, o şərəfli formanı geyinib, düşmən əsarətində olan yurd yerlərimizi azad etməkdir”. Böyüdü, arzusunu gerçəkləşdirmək üçün addım-addım irəlilədi. Naxçıvan şəhər Heydər Əliyev adına Hərbi Liseydə təhsilini başa vurduqdan sonra Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu. Məktəbi uğurla bitirib Beyləqanda yerləşən “N” hərbi hissəsində leytenant kimi xidmətə başladı. İlkinin ilk döyüş yolu Vətən müharibəsində gerçəkləşdi.
İlkin döyüşlərdən elə maraqla danışırdı ki, onunla söhbət edəndə cəbhədə baş verənlər bir kino lenti kimi gözlərim önündə canlanırdı. İlkinin döyüş yolunu vərəqləyib sizlərlə bölüşürəm:
Döyüş başlayır. İlk əvvəl Füzuli, Hadrut istiqamətindən. Daha sonra Cəbrayılın, Xocavəndin kəndləri işğaldan azad edilir. Atəş səsindən qulaq tutulur. İlkin hər bir əməliyyata böyük ustalıqla yanaşaraq, üzərinə yağan mərmi yağışından canını qurtarmağı bacarır. Bu gənc naxçıvanlının bir məqsədi vardı: ölmək yox, öldürmək. Döyüşlər zamanı İlkin və onun tabeliyində olan əsgərlər düşmənin çoxlu qənimətini ələ keçirir. İlkin deyir ki, döyüş zamanı əsgər, zabit bilinmirdi. Hər birimiz bir yumruq olub, düşmən üzərinə irəliləyir, 30 illdir içimizdə yanan alovu söndürürdük. Döyüşdə belə bir “qanun” var; döyüş yoldaşına özün qədər güvənməlisən, o vurulsa sən də vurulmusan, o yaşayırsa sən də sağsan deməkdir. Düşmənin əsas hədəfi zabitlər idi. Məhz buna görə də döyüş başlayan bir gündən daşıdığım hərbi rütbəni çıxarıb kənara qoymuşdum. Çünki məndən önəmli mənim şəxsi heyətim idi. Onlar komandirlərinin gözünün içinə baxır, nə komanda verəcəyini böyük ümidlə gözləyirdilər.
“Döyüşlərin ən çətin məqamı doğma Şuşamıza ayaq basdığımız zaman oldu”,-deyir İlkin. Düşmənin hədəfini yerindəcə məhv edir, yaralı olan yoldaşlarımıza ilkin tibbi yardım göstərirdik. Düşmənin ağlına belə gəlməzdi ki, şanlı ordumuz insan ayağı dəyməmiş çətin yollarla Şuşa torpağına gələr. Bizim o torpaqlara ayaq basdığımızı görən mənfur düşmən dronlarını havaya qaldırdı. Lakin həmin dronlar şanlı ordumuz tərəfindən yerindəcə məhv edildi. Hər birimizin bir məqsədi vardı, bütün çətinlikləri aşmaq, düşməni məhv etmək idi. Axı yolumuzu gözləyən Vətən torpağı vardı... Vətənimizin nisgilini sona yetirmək üçün canımız bahasına hər şeydən keçməyə hazır idik.
Bizim irəli yeridiyimizi görən düşmən olduğumuz mövqeyə doğru artilleriya qurğusu ilə atəş açdı. Minaatan mərmisi düşəndə artıq gec idi və mən o anda yaralanmışdım. Sonra nə olub, necə olub, xatırlamıram. Sağ olsun yoldaşlarım, məni xəstəxanaya yerləşdiriblər həmin zaman. Yaralı olsam da, özümü bağışlaya bilmirdim. Çünki döyüşdüyüm əsgər yoldaşlarımın gözü yolda idi.
İlkin həkimlərin təkidinə baxmayaraq, sağlamlığına tam qovuşmamış yenidən yaralı aslanlar kimi savaşa atılaraq, canı-qanı bahasına düşmənə zərbələr vurmaqda davam edir. İlkin döyüşlərə yollanan zaman anası Tünzalə xanım “Oğlum, rahat get, Vətən səni çağırır” deyib və yola salıb.
Vətən müharibəsinin iştirakçısı İlkinlə söhbətimiz “Vətən sağ olsun”la başlayıb, “canımız Vətənə qurban olsun” la bitdi. Bu cür oğullar yetirən Naxçıvan torpağı ilə qürur duydum. Müharibədə yaralanmış oğullarımıza Qarabağımızın, Şuşamızın, Laçınımızın, Ağdamımızın, Xocavəndimizin, Qubadlımızın, Zəngilanımızın, bütövləşmiş torpaqlarımızın azadlığı məlhəm oldu. Vətən həsrətinə canları bahasına son qoydular. İlk əvvəl Vətən deyib, sonra canlarından keçən qardaşlarımız, biz sizin tarix yazan adınızla qürur duyuruq.
Nuray Əsgərova