Bu gün mətbuat işçlərinin günüdür. Ömrünü damla-damla qələmin mürəkkəbinə qatan, mikrofonunu, kamerasını bir əsgərin silahını qoruduğu kimi qoruyan insanların bayramıdır. Cümlədə mikrofon, qələm, kamera sözü keçdisə, hamıya məlum olur ki, söhbət jurnalistlərdən gedir. Kimdir jurnalist? Sizin izlədiyiniz 1-2 dəqiqəlik süjetləri, 50-55 dəqiqəlik verilişləri, bir nəfəsə oxuyub başa vurduğunuz məqalələri hazırlayan insanlarmı? Bəli, onlar. Gəlin sizə bir az da işin pərdə arxasından danışım. İzlədiyiniz o bir neçə dəqiqəlik süjetin hazırlanmasına saatlar, hətta mövzudan asılı olaraq bəzən günlər belə sərf oluna bilər. Necə?- Saatlarla, günlərlə faktlar araşdırılır, gerçəkliklər gün işığına çıxarılır, məqsədlərə aydınlıq gətirilir. Yayım dəqiqəsi saatlar olan verilişləri demirəm hələ. Oxumağa başlayıb fərqində belə olmadan sonuncu cümləsinə gəlib çatdığınız məqalələr də həmçinin...
Harda oxuduğumu xatırlamasam da, hələ bu peşəyə gəlməmişdən əvvəl bir müdrik kəlamına rast gəlmişdim. Eynilə belə idi. “Jurnalist boşluqları məharətlə sözlə doldura biləndir”. Ancaq nəzərə alsaq ki, araşdırmalar, müsahibələr, qaynaq tapmaq bir jurnalistin bəzən həftələrlə zamanını ala bilir, bu o deməkdir ki, o, təkcə boşluqlardan məharətlə istifadə edən deyil, həm də tükənməz enerji sahibi, zəngin söz ehtiyatına malik, eyni zamanda peşəkar psixoloq olmalıdır. Qısaca, televiziya tamaşaçılarının zövqünü oxşayaraq məlumatlandırmaq, radio dinləyicilərinin ruhuna toxunacaq təqdimatlar etmək, qəzet materialları ilə oxucularının gündəlik məlumat təlabatını ödəmək və sadalamaqla bitməyəcək bütün bu işlərin arxasında çətin və məsuliyyətli jurnalist əməyi durur. Hər zaman hər peşə sahibinə sanki o sahədə çalışıb, əyrisini-düzünü, asanlığını və çətinliyini duyarmışcasına onlarla dərd ortağı olan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də bu peşə sahiblərinin gərgin əməyini görərək deyirdi: “Jurnalist əməyi qeyri-adi əməkdir”. Azərbaycan Respublikasının ana qanununa əsasən “dördüncü hakimiyyət” hesab edilən əsl mətbuat işçiləri bu gün milli mətbuatın əsasının qoyulmasının 143-cü ildönümündə qürurla qələmlərinə, mikrofonlarına və səs yazıcılarına sarılaraq vətənə, dövlətə, ən əsası xalqına xidmət edirlər. Sevindirici haldır ki, ölkədə gənc jurnalistlər bu işin peşəkarları ilə çiyin- çiyinə çalışır. Digər bir qürurverici hal isə, gəncliyin bütün sahələrdə olduğu kimi, jurnalistika sahəsində də öz sözünü deməsidir.
Yaradıcı peşələr olduqca qısqancdır. Onlar istəyirlər ki, insan həyatının ən gözəl çağlarını, zamanının əksər hissəsini ona həsr eləsin. Jurnalistika da həmçinin. Fədakarlıq, sevgi istəyir. Əslində jurnalistikanı tək bir cümlə ilə ifadə etsəm deyərdim ki, bu peşədə imzanın qalmasını istəyirsənsə, işini ya sevməlisən, ya da ki, çox ,çox sevməlisən. Ona qəlbən, bütün varlığınla sevgini verə bilmirsənsə, istedadın, bacarığın da sənə bir yerə qədər kömək edə bilər. İçindəki o boşluq işində mütləq əks olunacaq.
Deyir bir səhnə adamı üçün ən böyük hədiyyə tamaşaçının alqış səsləridir. Jurnalist üçün isə imzasını quru kağız parçasında göz-göz gəzən oxucu kütləsi, müsbət izləyici rəyidir. Əziz qələm sahibləri, nə oxucu, nə tamaşaçı, nə də dinləyici başqasının zehninin, gərgin əməyinin bəhrəsini sənin, mənim, bizim təqdimatımızda sevməyəcək. Onlar hər məqamda bizi axtaracaq, qələmimizi sorğulayacaq. Bir növü xalqın tərəzi hesab edilən gözündən, həm də ələkdən narın olan sürtgəcindən keçirəcək. Axı jurnalistin hər sözü bir tarixdi. Bu tarixi isə hər yoldan ötən yaza bilməz. Əziz həmkarlarım, bu gün tarixdən sitat gətirərək yazdığınız cümlələrin sabah tarixin tozlu səhifələrində qələminizi, adınızı və imzanızı axtarışa verməyi arzusuyla
Fatma Babayeva