NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz rayonunda “Torpaqlardan səmərəli istifadə edilməsi və münbitliyinin qorunması” mövzusunda seminar-müşavirə keçirilib.
Tədbirdə Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin direktor müavini Rahət Hacıyev aqrotexniki tələblərdən söz açaraq şum qaldırılmasının, lazımi qaydada üzvü və mineral gübrələr verilməsinin məhsuldarlıqdakı əhəmiyyətindən danışıb. Qeyd olunub ki, üzvi və mineral gübrələr torpağa verilməmişdən əvvəl torpağın xassələri, bitkilərin qida elementlərinə nə dərəcədə təlabkar olması ətraflı öyrənilməli, əkinlər əkin atlaslarına uyğun aparılmalıdır. Bu məqsədlə Araz Elm-İstehsalat Birliyinin laborotoriyasında torpaqların analizləri aparılır. Analizlərin nəticələri əsasında Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin və Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin mütəxəssislərinin birgə hazırladıqları torpaq kartoqramlarında da yaşayış məntəqələri üzrə məlumatlar yerləşdirilib.
Sonra torpaq kartoqramlarından istifadə qaydalarını iştirakçıların diqqətinə çatdırıb. Hazırlanan torpaq kartoqramları bələdiyyələrə təhvil verilib.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onlara torpaqların münbitliyinin artırılması ilə bağlı tədbirləri əks etdirən yaddaş kitabçaları paylanılıb.
Novruz Məmmədov