Fənn olimpiadası və inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, muxtar respublika fənn olimpiadasının və “Ürəklərdə yaşayan dahi” inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi Naxçıvan Dövlət Texniki Kollecində keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil Naziri Rəhman Məmmədov bildirib ki, muxtar respublikada təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilib, tədris prosesi günün tələbləri səviyyəsində qurulub. Yaradılan şərait yeni təlim metodlarının, o cümlədən STEAM təhsil metodunun tətbiqi üçün geniş imkanlar açıb. İstedadı və yaradıcı təfəkkürü ilə seçilən şagirdləri aşkar etmək istiqamətində həyata keçirilən tədbirlər sırasında hər il muxtar respublikada keçirilən fənn olimpiadaları və inşa yazı müsabiqələri mühüm əhəmiyyət kəsb edir.
Nazir qeyd edib ki, məktəblilərin muxtar respublika fənn olimpiadası iki mərhələdə keçirilib. IX-XI sinif şagirdləri arasında Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə olimpiadanın I şəhər və rayon mərhələsində 986 şagird öz biliyini sınayıb, onlardan 611-i yüksək nəticə göstərərək final mərhələsində iştirak etmək hüququ qazanıb. Nəticələrə əsasən noyabrın 28-də keçirilən olimpiadanın final mərhələsində, ümumilikdə 11 şagird I, 11 şagird II və 20 şagird III yerlərin qalibi olub.
“Ürəklərdə yaşayan dahi” inşa yazı müsabiqəsində muxtar respublika ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 34 şagird iştirak edib. Onlardan 1 nəfər I, 2 nəfər II, 3 nəfər III yerin qalibi olub, 3 nəfər isə həvəsləndirici yerə layiq görülüb.
Qaliblərdən Heydər Əliyev adına Hərbi Liseyin kursantı Tahir Məhərrəmov və Heydər Əliyev adına tam orta məktəbin 11-ci sinif şagirdi Aysun Cəfərli onların yaxşı təhsil alması, bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Sonda qaliblərə diplom və hədiyyələr təqdim olunub.
Adilə Səfərova