Ailə dəyərlərinə həsr olunmuş muxtar respublika yaradıcılıq müsabiqələrinin qalibləri bəlli oldu - FOTOLAR
“İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VII muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm və “Ailə dəyərlərimiz film və fotolorda” mövzusunda V muxtar respublika yaradıcılıq müsabiqəsinin qalibləri müəyyən olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Gənclər Mərkəzində təşkil olunan tədbirdə müsabiqə qalibləri mükafatlandırılıb.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova ölkəmizdə, eləcə də muxtar respublikada uğurla həyata keçirilən dövlət ailə siyasətindən danışıb. Komitə sədri qeyd edib ki, müntəzəm olaraq ailə dəyərlərinin təbliği istiqamətində müsabiqələr təşkil olunur, kütləvi informasiya vasitələrində çıxışlar edilir. Orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri və istedadlı gənclər arasında hər iki müsabiqənin keçirilməsi də görülən işlərin davamıdır. Komitə sədri müsabiqə qaliblərini təbrik edib, gələcək işlərində uğurlar arzulayıb.
“İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VII muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm müsabiqəsinə 69 rəsm, 42 inşa və 10 dekorativ iş olmaqla, ümumilikdə 121 iş təqdim olunub. Sayca yeddincisi təşkil olunan müsabiqədə 11 yaradıcı şəxs qalib və həvəsləndirici yerlər tutaraq diplom və hədiyyələrlə təltif olunublar.
“Ailə dəyərlərimiz film və fotolorda” mövzusunda V muxtar respublika yaradıcılıq müsabiqəsinə isə 50 foto və 14 film olmaqla ümumilikdə 64 film və foto təqdim olunub. Komitə tərəfindən müsabiqə qaliblərindən 2 nəfər I yer tutmaqla hər birinə 200 manat, 2 nəfər II yer-tutmaqla hər birinə 150 manat, 2 nəfər III yer tutmaqla hər birinə 100 manat pul mükafatı, 4 nəfər həvəsləndirici yer tutmaqla hər birinə hədiyyə və diplomlar təqdim olunub.
Sonda “Ailə dəyərlərimiz film və fotolarda” V muxtar respublika yaradıcılıq müsabiqəsində təqdim edilmiş fotolardan ibarət hazırlanmış videoçarxa baxış olub, müsabiqədə “Ən yaxşı film” nominasiyası üzrə I yerə layiq görülmüş film izlənilib. “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VII muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm müsabiqəsinə təqdim edilən rəsm və əl işlərindən ibarət sərgiyə də baxış olub.
Mədinə Rəhimli