Tələbələr prokurorluq orqanlarının iş prinsipləri ilə tanış olublar - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasının birinci kurs tələbələri Naxçıvan Muxtar Respublikası Prokurorluğunda olublar.
Tələbələrlə növbəti görüş zamanı çıxış edən Naxçıvan Muxtar Respublikası Porkurorluğunun Təşkilati və İcraya Nəzarət şöbəsinin rəisi, ədliyyə müşaviri Pərviz Zülfüqarov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasının tələbələri Naxçıvan Muxtar Respublikası Prokurorluğunun hamiliyinə verilib. Həmin Sərəncamdan irəli gələn vəzifələrin icrası istiqamətində tələbələr təcrübələrə cəlb edilir, onların gələcək işlərində peşəkarlığının artırılması məsələsi diqqətdə saxlanılır.
“Startap nədir?” mövzusundan ətraflı bəhs edən Pərviz Zülfüqarov bildirib ki, son illər ölkəmizdə eləcə də muxtar respublikada müasir informasiyalı cəmiyyətin qurulması, yeni texnologiyaların tətbiqi, gənclərin təşəbbüslərinə geniş yer verilməsi və ideyalarının dəstəklənməsi startap hərəkatının inkişafına səbəb olub.
Görüşdə çıxış edən Prokurorluğun Hüquqi Təminat və İnsan Hüquqları Məsələləri şöbəsinin rəisi, ədliyyə müşaviri Faiq Səfərov Prokurorluğun fəaliyyət istiqamətləri barədə məlumat verib.
Tədbir iş proseslərinin tanışlığı ilə davam edib. Tələbələr kitabxananın fondu ilə tanış olub, prokurorluq orqanlarında müraciətlərin baxılması qaydaları haqqında məlumat alıblar. Sonra onlara prokurorluğun kriminalistik avtomaşınının iş prinsipi izah edilib, cinayət işinin istintaqı zamanı aparılan istintaq hərəkətləri, o cümlədən cinayət işinin başlanması, təqsirləndirilən şəxs qismində cəlbetmə, ittihamı elanetmə qaydaları izah olunub. Həmçinin istintaq hərəkətlərinin sənədləşdirilməsi haqqında danışılıb, mövzu ilə bağlı slaydlar nümayiş etdirilib, əməliyyat yerində işlərin ardıcıllığı barədə ətraflı məlumatlar verilib. Tələbələr eyni zamanda Naxçıvan Şəhər Prokurorluğunda da olub, buradakı İmtahan İnformasiya Sistemi ilə də yaxından tanış olublar.
Ərhan Novruzov