Ədəbiyyat Muzeyinin yaradılmasından 55 il ötür - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin yaradılmasının 55 ili tamam olur. Yubiley münasibəti ilə muzeydə “Müqəddəs söz məbədi –Ədəbiyyat Muzeyi 55” mövzusunda tədbir keçirilib.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat muzeyinin direktoru Aləmzər İbrahimova bildirib ki, muzey Azərbaycan SSR Nazirlər Sovetinin 1955-ci il 25 dekabr tarixli qərarı ilə yaradılıb, 1967-ci il iyunun 12-də Naxçıvan şəhərində 98 eksponatla istifadəyə verilib. Ötən dövrdə böyük inkişaf yolu keçən muzeydə hazırda eksponatların sayı 19 mindən çoxdur.
Qeyd olunub ki, muzeyin fondunda çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixini əks etdirən qiymətli əlyazmalar, tətbiqi və təsviri sənət nümunələri, qədim və müasir kitablar, qəzet və jurnallar, xatirə əşyaları və digər muzey materialları mühafizə olunur. Ekspozisiyada və fondda Azərbaycanın fırça ustalarının müxtəlif janrlarda yaratdıqları boyakarlıq və heykəltəraşlıq əsərləri, Naxçıvan teatrının tarixinə aid sənədlər - afişalar, proqramlar, tamaşa eskizləri, görkəmli teatr sənətkarlarının yaradıcılığını əks etdirən fotoşəkillər də nümayiş etdirilir. Muzey əməkdaşları tərəfindən fondun zənginləşdirilməsi diqqət mərkəzində saxlanılır. Gənclərin ədəbi irsimizə bağlılığı diqqət mərkəzində saxlanılır, Muzeyə kollektiv ekskursiyalar, açıq və distant dərslər təşkil edilir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev, Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Nizami Rəhimov, Naxçıvan Dövlət Universitetinin kafedra müdiri Məmməd Əliyev muzeyin yaradılmasının əhəmiyyəti və Azərbaycan Ədəbiyyatının təbliğindəki rolundan danışıblar.
Sonda tədbir iştirakçıları “Ədəbiyyat muzeyi - 55” başlıqlı sərgiyə baxıblar.
Novruz Məmmədov