Saçının o bəyaz telinə qurban,
Mənə oğul deyən dilinə qurban.
İncə ipək əlinə qurban,
Allahdan dilərəm ömrün uzansın,
Arzun çiçək açsın, çırağın yansın...
Bu misraları şəhid-leytenant Əliyev Fərmin Fərman oğlu ölümündən qabaq yazır. Hələ bir şagird ikən ədəbiyyat fənnini çox sevən Fərmin şeirə vurğun idi. Elə vətənə, bayrağa da...
1996-cı il 20 mart tarixində Şıxmahmud kəndində dünyaya göz açan şəhid Əliyev Fərmin Fərman oğlu zəhmətkeş bir ailədə böyüyür. İlk təhsilini Şıxmahmud kənd tam orta məktəbində alır.
Sonra atasının məsləhəti ilə 2011-ci ildə Naxçıvan şəhərində Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirir. Motoatıcı olan Fərmin Quru qoşunlarında xidmət etməyi seçir və “kişi öndə gedər” deyir. 2014-2018-ci illərdə Heydər Əliyev adına Ali Hərbi Həktəbin “Xüsusi təyinatlı texnika və sistemlər” ixtisasına yiyələnir. Məktəbi bitirdikdən sonra çalışdığı hərbi hissədə vətənpərvərliyi, çevikliyi ilə hər kəs tərəfindən rəğbət və hörmət qazanır. Qısa müddətdə məsuliyyəti, tələbkeşliyi, tapşırıqları yüksək səviyyədə yerinə yetirdiyi üçün zabit heyətində təlimlər keçirir.
Onun söhbətlərinin əksəriyyəti vətən, müharibə, qisas, torpaqlarımızın geri qaytarılması mövzularıından olurmuş. İş həyatında da əsgərlərinə, yoldaşlarına xüsusi qayğısı ilə seçilən Fərminin əsgərləri, dostları onun nə qədər xoşxasiyyət, mərhəmətli olduğunu danışırlar. Fərmin öz şəxsi məvacibindən ayıraraq əsgərlərin çatışmayan ehtiyaclarına xərcləməyi əsirgəməz, gecə saatlarında postda duran əsgərləri tək buraxmamaq üçün tez-tez baş çəkər, yanlarında durarmış. Adətən məzuniyyətini yayda götürərmiş ki, həm də evdə atasına təsərrüfat işlərində kömək etsin. Hər dəfə kəndlərinə gələndə bütün qohumlarına tək-tək baş çəkən Fərminin gözəl qəlbi onu bütün tanıdıqlarına sevdirib.
Fərmin 2019-cu ilin noyabr ayının 9-u ailə həyatı qurur. Toyunun isə Bayraq Gününə düşməsi təsadüf deyildi. Bayrağa olan sevgisini toy həyətini, bəy stolunu, bəy maşınını üçrəngli bayraqlar ilə bəzəməklə göstərir. Müharibəyə hazırlaşan bir vaxtda hər dəfə hər şeyin özü istədiyi kimi olacağını danışırmış. Şəhid olmaq arzusu dilindən düşməyib, Şəhidlik Fərminin ən ali arzusu olub.
Müharibədən əvvəl Həmlə kəşfiyyat taborunun üzvü kimi işğal olunmuş kəndlərimizdə kəşfiyyatda olub. General-mayor Polad Həşimovun vurulması Fərmini həddindən artıq sarsıdırmış. “Bu bizə ağır yük oldu. Bunu hec cürə qəbul edə bilmərik” deyir, şəhid generalın qisasının alınacağına inanırmış.
Fərminin torpağa olan sevgisi ailəyə olan sevgisini üstələdi. Atası ilə sonuncu telefon danışığında şəhidliyin necə üstün olduğunu, əgər şəhid olarsa, narahat olmamasını, başını dik tutmağı tapşırır. Hətta ailəsi ilə danışığında doğulmamış körpəsini bütün Azərbaycan xalqına əminliklə əmanət etdiyini deyir. Zarafatyana Şəhid olarsa, hansı şəkillərini böyüdəcəklərini tapşırır...
Və o gün gəlib çatır.. Prezidentin əks-hücum əməliyyatı əmri Fərminin ürəyindən xəbər verir.. Əks-hücum tapşırığını yerinə yetirmək üçün toplaşan 200 nəfərlik heyətə komandirinin göstərişi ilə, Həmlə kəşfiyyat taborunun ilk könüllü dəstəsinin yaradılması tapşırığı verildikdə irəli ilk addımı atan məhz Fərmin olur. Döyüş yoldaşı, qazi Elmir Paşayev deyir: “50 nəfərlik dəstəyə Fərminin komandirlik etməsi tapşırıldı”.
Sentyabr ayının 27-si səhər saatlarından başlayaraq Gülüstan kəndini və bir neçə kəndi işğaldan azad edirlər. Yaylaq postunun qabağından Ballıqaya və Ağcakənd arasına girən Fərmingilin heyəti düşmən mühasirəsinə düşür. Lakin Fərminin xüsusi şücaəti və taktikası ilə bir qrup günorta saatlarında mühasirədən çıxmağı bacarır. Öz dəstəsini gücləndirərək geri dönən Fərmin qalanlarını da mərdliklə mühasirədən çıxarmağa nail olur.
Ağdərə istiqamətində, Talış kəndi uğrunda düşmənin xüsusi təyinatlısıyla üz-üzə döyüşlər asan olmur. Fərminin dəstəsindən bir neçə əsgər şəhid olur.
Döyüş yoldaşı deyir ki, biz həmin kənddə mühasirədə qalan 30 nəfərin köməyinə çatdıq. Kənd tamamilə işğaldan azad olundu. Talış kəndinin qarşısındakı yüksəkliyi almağımıza baxmayaraq, düşmən gündə 4-5 dəfə hücum edirdi. Lakin hər dəfə itki verib geri çəkilirdilər. Onların xüsusi təyinatlıları ilə döyüşə girdik.
Döyüş yoldaşı Emin Həsənlinin dilindən:
“29 sentyabrda Cəbhənin Tərtər istiqamətində qızğın döyüşlər getdi. Düşmənin bu istiqamətdə yaratdığı beton istehkam qurğularını yarmaq üçün hər qarışa qan tökmək lazım idi. Ordumuz bu çətinliklərə baxmayaraq, bir neçə yüksəkliyi ələ keçirdi. Əsgərlər Ağuçuq zirvəsinə olunan həmlələrin və əlaqə yollarının vurulmaması üçün hərəkətə keçdi. Onları atəş altında saxlayan düşmənin 82 mm-lik mina atan batareyası məhv edildi.”
Yorğun heyət bir neçə saatlıq istirahət etmək üçün dayanır. Həmin an düşmənin xain və qəfil həmləsi baş verir. Bu hadisədə itkisiz ötüşmək mümkün olmur. Fərmin atışmada vətən eşqi, torpaq sevgisi ilə alışıb yanan ürəyindən vurulur. Düşmən mərmisi ilə o arzusunda olduğu şəhidlik zirvəsinə yüksəlir. 2020-ci il 1 oktyabr tarixində Fərmin sonuncu dəfə ata ocağına gəlir. Uğrunda can verdiyi üçrəngli BAYRAQLA birgə... O gün bütün naxçıvanlılar böyük izdihamla Fərminlə birgə gələn səkkiz şəhidini layiqincə qarşılayır. Fərmin Əliyev doğulduğu Şıxmahmud kənd qəbiristanlığında torpağa tapşırılır. Şəhid olduğu gündən 23 gün sonra bir oğul övladı dünyaya gəlir, Fərmin ölümündən əvvəl oğluna atası Fərmanın adını qoyur. Ən yaxın dostu, silahdaşı Vəli Quliyev Fərminin şəhidlik xəbərini aldıqda düşmənə qəzəbi birə beş artır. Cəbrayıl istiqamətində döyüşən Vəli qardaşının qisasını alacağına söz verir. Fərminin yoldaşı Fatiməyə zəng edib:
“Bacı, narahat olma, Fərminin körpəsinin bu qədər əmisi var. Fərman heç vaxt özünü atasız hiss etməyəcək. Atasının adı, qəhrəmanlığı ona yetəcək” deyir. Düşmənə qan udduran Vəli Quliyev də şəhid olaraq hamımızın qəhrəmanı olur...
Başqa şəhidlər kimi Fərmin də, Vəli də tək ailəsi üçün yox, bütün eli, obası üçün qürur mənbəyi oldu. Qarabağ adı Şəhidlərin adı ilə bir daha ucaldı. Şəhid qanı tökülən torpaq Vətəndir! Qarabağ Azərbaycandır!
Leyla Əliyeva
Şəhid Fərmin Əliyevin bacısı