Tələbələr Dövlət Yol Polisi İdarəsində təcrübə keçiblər - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi hamiliyinə verilmiş Naxçıvan Dövlət Texniki Kollecinin yol hərəkətinin təşkili ixtisasının tələbələrini təcrübəyə cəlb edib.
Dövlət Yol Polisi İdarəsində tələbələrlə keçirilən görüşdə Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov və Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Ayaz İsmayılov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” sərəncamının əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, belə təcrübələrin keçirilməsində məqsəd idarənin hamiliyinə verilmiş tələbələrə yol hərəkətinin təşkili məsələlərini dərindən izah etmək, kollecdə aldıqları nəzəri bilikləri möhkəmləndirməkdir.
Sonra tələbələr idarənin iş fəaliyyəti və həyata keçirilən əməliyyatlarla əyani tanış olublar. Əvvəlcə tələbələr yol patrul xidmətinin təşkili barədə məlumatlandırılıb. Bildirilib ki, yol patrul xidmətinin aparılması piyada və patrul avtomobilində həyata keçirilir. Patrul avtomobilləri sürətin ölçülməsi üçün radar sistemi, rabitə əlaqəsi, bort kompüteri və printerlə təchiz olunub. Məqsəd yol hərəkətinin təhlükəsizliyini təmin etmək, təhlükəsizlik qaydalarına əməl etməyən hərəkət istifadəçilərini aşkarlayaraq operativ cərimə tətbiq etməkdir. Operativ nəqliyyat vasitələrinin iş prinsipi də tələbələrə izah olunub.
Tələbələr Dövlət Yol Polisi İdarəsinin növbətçi hissəsində də olublar. Diqqətə çatdırılıb ki, muxtar respublika ərazisində gün ərzində baş vermiş yol nəqliyyat hadisələri və digər hüquq pozmaları haqqında növbətçi hissəyə məlumat verilir.
İmtahan otağında olan tələbələrə məlumat verilib ki, sürücülük vəsiqəsi almaq üçün vətəndaşlar burada keçirilən imtahanlarda iştirak edirlər. İmtahan zamanı vətəndaşlara yol hərəkəti qaydaları, yol hərəkəti qaydaları əleyhinə olan İnzibati Xətalar Məcəlləsinin və yol hərəkətinin tibbi təminatını əhatə edən 10 sual təqdim olunur, 9 düzgün suala cavab verən imtahandan keçmiş hesab edilir.
Sadiq Məmmədov