30 il əvvəl yaşanan əzablar artıq başa çatdı. Qəhrəman qardaşlarımız döyüş meydanında gücünü göstərdi və mərdliklə vuruşaraq qələbə qazandı. Atalar sözündə deyildiyi kimi- “Pis günün ömrü az olar". Bəli, biz pis günləri arxada qoyduq. İndi Zəfərimizi qeyd edirik.
Qəhrəman vətən oğullarımızın sayəsində qazandığımız qələbədə hər igidin, qeyrətli vətən oğlunun imzası oldu. Qarabağ döyüşlərində şücaətlik göstərərək düşmənə qan udduran igid, mərd oğullarımızdan biri də Şərur rayonundan olan vətənin igid oğlu Qəribov Bəxtiyar Əkrəm oğludur. Qəhrəmanımızı yaxından tanıyaq.
- Qarabağın azadlığı uğrunda aparılan müharibəyə sizin də qoşulacağınızı eşidəndə nə hisslər keçirdiniz?
- Uşaqlığımdan bəri o torpaqlara getməyi arzulayırdım. Ora döyüşə gedəcəyimi eşidəndə isə hər bir hərbçi kimi mən də çox sevindim və qürurlandım. Ordumuzda mübariz ruhlu oğullarımızı gördükcə, tanıdıqca əmin oldum ki, biz qalib gələ bilərik və çox şükürlər olsun ki, biz düşmənə döyüş meydanında diz çökdürməyi bacardıq. Artıq biz qalib ölkənin qalib ordusuyuq. Bundan qürurlu nə ola bilər ki?
- Qürur demişkən, onu da vurğulayım ki, bugün hər bir Azərbaycan vətəndaşı sizin kimi oğullarla fəxr edir, qürurlanır. Döyüşlərin iştirakçısı kimi çətinlik çəkdiyiniz məqamlar oldumu?
- Orada olmaq hər bir vətəndaş kimi bizim də borcumuz idi. Bizə çətinlik yaradan heç nə olmadı. Çünki onlar bizdən qorxurdular, biz bir addım belə geri çəkilmədən irəlilədik. Qarşımızdakı düşmən də çox yaxşı bilirdi ki, bizi heç bir çətinlik qorxuda bilməz. Onlar aydın başa düşürdülər ki, biz hər qarış torpağımızı nə bahasına olursa-olsun geri alacağıq. Hətta yaralı və şəhidlərimizin olmasına baxmayaraq, biz ancaq torpaq, vətən deyirdik. Yaralı dostlarımız ən çətin məqamlarında belə, bizlərə “Dayanmayın, irəli gedin!” deyirdilər. Bu idi bizim qələbimizin əsas səbəbi.
- Qarabağ müharibəsində iştirak edən bir hərbçi kimi xalqa nə demək istəyərdiniz?
- Xalqıma onu demək istəyərdim ki, hər birimizin borcu xalqın, millətin, torpağın uğrunda canımızdan keçməyə hər zaman hazır olmaqdır. Amalımız, niyyətimiz- hər şey vətən üçün olmalıdır! Şəhid olmağı belə gözə alıb “Vətən sağ olsun!” deməyi bacarmalıyıq.
- Artıq müharibə yekunlaşdı və Naxçıvana geri qayıtdınız. Doğma torpağınıza qədəm basan kimi ilk etmək istədiyiniz nə oldu?
- Naxçıvana qayıdan kimi ilk öncə ailəmi görüb, sonra şəhid qardaşlarımızın məzarını ziyarət etdim və ailələri ilə görüşüb igid övladları ilə bağlı xatirələrimi danışdım. Çünki onların hamısı gözümüzün önündə şəhid olub, haqqın dərgahına qovuşub. Hamımızın orda bir istəyi vardı. Hər bir qarış torpağımız mənfur düşməndən alınsın və qələbəmizi bayram edək. Şükürlər olsun ki, onların ruhu şaddır. Buradan şəhid ailələrinə səslənib deyirəm, rahat olun, şəhidlərimizin qisası alındı, onların qanı yerdə qalmadı.
- Sizin ən böyük arzunuzu öyrənmək istəyərdim.
- Uşaqlıqdan bəri ən böyük arzum Xocalı faciəsində, Şuşada, Ağdamda, Kəlbəcərdə qətlə yetirilən günahsız körpələrin qisasını almaq olub. Millətimə bu ağır günləri yaşadanların cəzasını vermək bu torpaqlarda böyüyən hər kəsin arzusudur. Qisasın qiyamətə qalmadığını mənfur düşmənə göstərdik. Həm də sübut etdik ki, sən dünyanın ən qorxaq millətisən, erməni. Layiq olduğun yerdə dayanıb, cəzanı almalısan. Sənin gücün yetməz mənim ocağımdan, elimdən pay ummağa, sahiblənməyə... Şükürlər olsun ki, arzuma çatdım. Döyüşlərdə erməniləri öldürdükcə Xocalıda günahsız ölən hər bir bacı və qardaşımızın ruhu qarşısında hesab verdiyimi düşündüm və rahatlıq tapdım.
- Müsahibə üçün çox sağ olun. Vaxtınızı bizə ayırdığınız üçün sizə öz minnətdarlığımı bildirirəm. Bütün Azərbaycan xalqı sizin kimi qəhrəman oğullarla fəxr edir. Ali Baş Komandanımız başda olmaqla, Tanrı bütün əsgərlərimizi qorusun! Allah bütün şəhidlərimizə rəhmət eləsin!!!
Azərbaycan xalqı öz arzusuna çatdı. Qaçqınlıq statusu vətəndaşlarımızın üzərindən götürüldü. Böyükdən-kiçiyə hər bir vətəndaş müharibə dövründə öz birliyini nümayiş etdirdi. Hər kəs bu şüar altında birləşdi və illər keçsə də, bu fikir unudulmayacaq. QARABAĞ AZƏRBAYCANDIR! Bu qələbəni bizə yaşadan Ali Baş Komandanımız və Müzəffər Ordumuza sonsuz minnətdarlıq duyuram. Bayrağımız əbədilik əzəli və əbədi Qarabağ torpaqlarında dalğalanacaq!!!
Bülbül Quliyeva
Naxçıvan Dövlət Universiteti
“Jurnalistika” ixtisasının tələbəsi