Sirab mineral suyu və onun istehsal tarixi

A- A A+

1937-ci ildən etibarən Azərbaycanın Geologiya İdarəsi tərəfindən mütəmadi olaraq Naxçıvan Muxtar Respublikasında filiz və qeyri-filiz yataqlarının axtarışı ilə yanaşı, mineral suların kəşfiyyatı da davam etdirilirdi.

Görkəmli alim hidrogeoloq Əziz Əsgərov 1939-cu ildən Naxçıvan Muxtar Respublikasının mineral su bulaqlarının öyrənilməsi ilə ciddi məşğul olmağa başladı. 1950-ci ildən etibarən isə o, bütün qüvvəsini Sirab karbonqazlı mineral su yatağının tam öyrənilməsinə yönəltdi.

Mineral bulaqların öyrənilməsində Ş.Əzizbəyov, M.Qaşqay, M.Qavrilov, A.Avdiyeva, F.Melvinin tədqiqatları əhəmiyyətli rol oynayıb.  1960-cı illərdə Ramazan Əliquliyevin rəhbərliyi ilə Sirab mineral bulaqlarının öyrənilməsində geniş tədqiqat işləri görülüb. Qazma və tədqiqat işlərinin aparılmasında Sirab kənd sakini, texnik Orucəli Fərzəliyevin (haliyədə təqaüddədir), Məmmədrza Dizə kənd sakini, təqaüdçü Seyfulla Orucovun (qazma işləri üzrə texniki rəhbər), qazma ustası mərhum Abbasəli Bağırovun da müstəsna xidmətləri olub.

Qeyd edək ki, mineral sular üçün qaz faktoru əsas xarakterik göstəricilərdən biridir. Qaz faktoru 1 litr sudan ayrılan qaz miqdarının suyun debitinə olan nisbətidir. Sirab mineral suları karbonqazlı sulara aid edilir. Məhz buna görə də bu gün Şorsu dərəsində xüsusi yolla suda olan karbonu ondan ayırmaq üçün sex fəaliyyət göstərir.

Sənaye istehsalının başlanması

Sirab mineral su yatağından sənaye məqsədi ilə istifadəyə XX əsrin 50-ci illərindən başlanılıb. Bu məqsədlə 1950-ci ildə Azərbaycan Geologiya İdarəsi tərəfindən 2 saylı quyu  qazılıb.

1951-ci ildən Naxçıvan Yerli Sənaye İstehsal İdarəsi tərəfindən tikilmiş çox da böyük olmayan, sudoldurma sexi fəaliyyətə başlayıb.  Elə həmin ildən Şorsu dərəsi hövzəsində ildə 2-3 milyon şüşə Sirab mineral suyu istehsal olunmağa başlanıldı. 2 saylı quyunun sutka ərzində verdiyi 40 kubmetr su bu normaya kifayət edirdi. Quyunun dərinliyi 86 metr idi.

1959-cu ildə 531 metr dərinlikdə 8 nömrəli quyu qazıldıqda 2 saylı quyu əhəmiyyətini itirdi və bağlandı. 1960-cı ildə 1080 metr dərinlikli quyu qazılsa da heç birindən sənaye əhəmiyyətli içməli su əldə edilmədiyi üçün köhnə sudoldurma sexi ləğv olundu.

1960-cı ildən sex Şorsu dərəsindəki “Borjomi” tipli hidrokarbonatlı natriumlu suyundan istifadə etməyib, Kəbləağıl hövzəsindəki “Narzan” tipli “Sirab 12” quyusunun suyu ilə işləməyə başladı. Bu gün Şorsu dərəsində 4 ədəd, Kəbləağıl dərəsində 2 quyu fəaliyyət göstərir. Bu quyuların suyu termal sular olub 20 dərəcə ilə 28 dərəcə temperatura malikdirlər.

1980-ci ildə qazılmış quyulardan birinin bağlanması əsil faciəyə çevrildi. Təxminən 300 metr enində 1000-1200 metr məsafə ərazidə torpaqdan karbon qazı çıxmağa başladı. Həmin ərazidə nəfəs almaq xeyli çətinləşdi. Yerin üzünə çıxan karbon qazı hətta təndirlərin yanmasına imkan vermədi. Həyətyanı sahələrdə ağaclar və üzüm kolları qurudu. 8 ailəyə köçmək üçün yeni həyətyanı sahələr ayrıldı. Ancaq 2-3 ildən sonra qaz sızması dayandı.

Sirab kəndinin cənub-qərb hissəsində, Kütandağ yaxınlığında qazılan 6 ədəd quyu fontan vurdu. Sənaye əhəmiyyətli su əldə edilmədiyi üçün quyular başlı başına buraxıldı. Bütün bu quyuların suyu dəri xəstəlikləri, oynaq ağrılarında əhəmiyyətli müalicə nəticəsi verdiyi üçün əhali bu sulardan istifadə edirdi. Amma bir müddətdən sonra bu quyuların  suyu qurudu.

Əhali Kəlbəağıl mineral su hövzəsinin müalicəvi əhəmiyyəti olduğunu bilirdi. Bu məqsədlə bura gəlirdilər.  İlin isti dövrü bulağın ətrafı qələbəlik olurdu. İnsanların inamına görə “Quyruq doğdu”qdan sonra (5-6 avqust) mineral sular müalicə əhəmiyyətini itirir. Bir də ilk çərşənbə olan “su çərşənbəsi”ndə müalicə əhəmiyyətini bərpa edir.

Sirab mineral suyunun müalicəvi əhəmiyyəti

Elmi tədqiqat kurartologiya və fiziki üsullarla müalicə institutlarının, klinik xəstəxanaların və sair verdikləri məlumata əsasən karbon qazlı Sirab mineral suyu bir çox xəstəliklərin müalicəsində əhəmiyyətlidir. Bunlar həzm yollarının iltihabı, xroniki qastrit, enterit, kolit, mədə və onikibarmaq bağırsağın yaraları, qaraciyər, öd kisəsi, böyrək xəstəlikləri, maddələr mübadiləsinin pozulmasıdır. Bu xəstəliklər zamanı tətbiq edilən Sirab suyu tez bir zamanda müsbət nəticə verir.

Karbon qazlı mineral suyu vannalar şəklində qəbul edərkən, karbon qazı sudan ayrılaraq dəri üzərinə hopur, dəri məsamələri nəticəsində qan axarlarına daxil olur, qanın köməyi ilə orqanizmdə dövr edərək baş beyin qabığına təsir göstərir. Bu zaman tənəffüsə, maddələr mübadiləsinin normallaşmasına, arterial təzyiqin, venoz qan təzyiqinin fəallaşmasına səbəb olur. Karbon qazlı vannaları qəbul etmək üçün xüsusi normalar vardır. Həkimlərin rəyinə görə bu proseduranı 12 dəqiqədən artıq qəbul etmək olmaz.

Zəngin  tərkibli mineral və müalicəvi su olan Sirab bu gün Naxçıvanımızın simvoluna çevrilib. Bu nadir su indi təkcə ölkəmizdə deyil, dünyada yetərincə tanınır. Naxçıvanda istehsal olunan Sirab suyu dünyanın bir sıra ölkələrinə ixrac edilir.

Zaleh Novruzov

   
Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: