Zəngilanda düşmənin körpünün altına yerləşdirdiyi partlayıcı qurğu aşkarlanıb - FOTOLAR
Dekabrın 29-da saat 10:00 radələrində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Zəngilan rayonunun Rəzdərə kəndi ərazisində körpünün altına partlayıcı maddənin qoyulması barədə məlumat daxil olub.
ANAMA-dan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, daxil olmuş məlumata əsasən agentliyin xüsusi mobil əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı kənd ərazisində olan körpünün altında düşmən tərəfindən qoyulmuş partlayıcı qurğu (tərkibi: 158 kq plastik partlayıcı maddə, 125 kq amonium-nitrat tərkibli partlayıcı, 4 ədəd elektrik detonatoru və 30 m detonasiya qaytanı) aşkar edilərək zərərsizləşdirilib.
Agentliyin xüsusi mobil əməliyyat qrupları tərəfindən düşmən işğalından azad olunmuş rayonlarda Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, ermənilər ərazini tərk edərkən minalayıblar.