Kəngərli rayonunda Vətən müharibəsi qazilərinə xüsusi səhiyyə xidməti göstərilib - FOTOLAR

A- A A+

Muxtar respublikada Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərimizin müalicəsi, onlara yüksək səviyyədə səhiyyə xidmətinin göstərilməsi diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, bu məqsədlə Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim briqadası Kəngərli rayonunda yaşayan Vətən müharibəsi qazilərinə və onların ailə üzvlərini evdə müayinə etmək üçün humanitar tibbi aksiya keçirib.            

16 nəfərdən ibarət həkim briqadasını uroloq, cərrah, travmatoloq, stomatoloq, nevropatoloq, fizioterapevt, reabilitoloq, sarğı tibb bacısı və laborantlar təmsil ediblər. Aksiya çərçivəsində Qarabağlar, Xok, Şahtaxtı kəndlərində yaşayan 18 Vətən müharibəsində iştirak etmiş yaralı hərbi qulluqçularımıza və onların ailə üzvlərinə xüsusi səhiyyə xidməti göstərilib. 3 qazi isə rentgenoloji və fizioterapevtik müayinə və müalicə üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasına dəvət edilib.

Vətən müharibəsi qaziləri Oqtay Məmmədov, Qabil Qasımov, Niyazi Əsədli, Elçin Cəfərli və Abbas Fərəcli onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə və onların ailə üzvlərinə göstəriləcək səhiyyə xidmətinin keyfiyyətinə nəzarətin təmin edilməsi üçün komissiya yaradılıb. Komissiyanın təşkilatçılığı ilə aksiya muxtar respublikanın digər rayonlarında da keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: