Səhiyyə nazirliyinin kollektivi əsgərlərə bayram sovqatı aparıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Naxçıvan Avtoservis MMC-nin kollektivləri Naxçıvan şəhərindəki tibbi tabora sovqat aparıblar.
Səhiyyə naziri Niyazi Novruzov şəxsi heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib. Qeyd olunub ki, ümummilli liderimiz Heydər Əliyevin Naxçıvanda əsasını qoyduğu milli həmrəylik bu gün müstəqil Azərbaycanda inkişafın və sabitliyin əsas təminatıdır. Dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən hərməylik bayramı xalq-ordu birliyinin də əsasını təşkil edir. Naxçıvan Muxtar Respublikasında da xalq-ordu birliyi ilbəil möhkəmləndirilir, həmrəylik bayramında əsgərlərlə görüşlər keçirilir, onlara sovqatlar təqdim olunur.
Bu ilki bayramları Azərbaycan xalqı həm də Ordumuzun qazandığı Böyük Qələbə sevinci ilə qeyd edir. Bu qələbənin qazanılmasında milli ordumuzun qəhrəman igidləri mühüm rol oynayıb, həkim və orta tibb işçiləri ön cəbhədə döyüşlərdə yaralı əsgərlərimizə təcili tibbi xidmət göstəriblər.
Çıxış edənlər tibbi taborun kollektivini, burada müalicə alan əsgərlərimizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik ediblər.
Tibbi taborun komandiri polkovnik leytenant Ramin Qənbərov göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.
Gətirilən müxtəlif adda ərzaq məhsulları tibbi tabora təhvil verilib.