Şəhidlər azadlığın od-şimşək zərrəsidir - VİDEO
Öz torpaqları uğrunda canlarından keçən və döyüşən qəhrəmanlar sayəsində Azərbaycan Vətən müharibəsindən uğurla çıxdı. Canları, qanları bahasına yeni tarixi salnamə yazan rəşadətli döyüşçülərimizdən biri də şəhid İbrahim Vəlizadədir. Ali Baş Komandanın sərəncamı ilə leytenant İbrahim Vəlizadə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub. 1997-ci ildə Babək rayonunun Yarımca kəndində anadan olan İbrahim Vəlizadənin uşaqlıq arzusu hərbçi olmaq idi. O, Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyi bitirdikdən sonra təhsilini Bakıda Ali Hərbi Məktəbdə davam etdirir. Təyinatla Tərtər rayonunda Xüsusi Təyinatlı Qüvvələrin tərkibində zabit kimi fəaliyyətə başlayır.
Cəsur döyüşçü İbrahim Vəlizadə Vətən müharibəsi başlayan gündən cəbhənin müxtəlif istiqamətlərində düşmənə qarşı öz qrupu ilə birgə mərdliklə vuruşub. Leytenant İbrahim oktyabrın 1-də iştirak etdiyi döyüşlərdə ağır yaralanır. Buna baxmayaraq, yenidən döyüş meydanına qayıdacağı və yoldaşlarını orda tək qoymayacağı israrı ilə hospitaldan ayrılan kimi yenidən döyüşlərə atılır.
Murovdağın azad edilməsində düşmənin xeyli sayda canlı qüvvəsini və hərbi texnikasını məhv edən İbrahim Vəlizadə yoldaşları arasında da böyük hörmət qazanıb.
Dövlətə sədaqət, Vətənə sevgi bütün sevgilərdən üstündür. Vətənə olan borcunu qaytarmaq uğrunda cəhdi onu şəhidlik kimi ali zirvəyə yüksəltdi. Həyat yoldaşına “ad gününü, inşallah, birlikdə qeyd edərik” vədini şəhidlik məqamına dəyişən 23 yaşlı İbrahim Vəlizadə Suqovuşan uğrunda gedən döyüşlərdə yaralı əsgərini döyüş meydanından çıxararkən düşmən gülləsinə tuş gəlir və şəhadətə qovuşur.
NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının əməkdaşlarının şəhid İbrahim Vəlizadə ilə bağlı hazırladığı videomaterialı təqdim edir:
Adilə Səfərova