Gənclərin Ordubad rayonundakı Bayraq Meydanına yürüşü olub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə 30-a yaxın gəncin Ordubad rayonundakı Bayraq Meydanına yürüşü olub. Yürüş zamanı şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ordubad rayon İcra Hakimiyyətinin əməkdaşı, YAP Ordubad rayon təşkilatı Gənclər Birliyinin sədri Nurlan Səfərli əlamətdar gün barədə ətraflı məlumat verib, yürüş iştirakçılarını qarşıdan gələn Həmrəylik Bayramı münasibətilə təbrik edib.
Vurğulanıb ki, dünyada yaşayan soydaşlarımız tərəfindən hər il qeyd olunan Həmrəylik gününün əsasını xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, vətəninə bağlılıq hissləri və ideyaları təşkil edir. Dövlətçilik tariximizdə və xalqımızın yaddaşında Qələbə ili kimi yazılan 2020-ci il milli birliyimizin və həmrəyliyimizin nümayiş tarixinə çevrildi.
Sonra məktəblilərin qələbəyə, vətənpərvərliyə həsr olunan şeirləri dinlənilib.
Mədinə Rəhimli