Bu günlərdə Naxçıvanın tanınmış şair–dramaturqu Müzəffər Nəsirlinin (1911-1980) şəxsi arxivindən bir qovluq diqqətimi çəkdi. “Sovet hakimiyyəti illərində Naxçıvanda ədəbi həyat. 1920-74-cü illər” adlı bu qovluğun yazılma tarixi 1973-74-cü illər qeyd edilib. Görünür Müzəffər Nəsirli 80 səhifəlik bu yazını Naxçıvan ədəbi mühiti, Naxçıvan Yazıçılar Birliyinin yaranması və o dövrün şair, dramaturq və yazıçılarının həyatına həsr edərək onu kitab halında çap etdirmək və ya elmi iş kimi təqdim etmək istəyib. Amma bu yazı doğrudan da Naxçıvan ədəbi mühitinin, 1920-70-ci illərdə yazıb yaradan insanların yaradıcılığı və ümumilikdə Naxçıvanın mətbuatı haqqında müasir oxucuda yetərincə təəssürat yarada bilir. Davamlı olaraq Müzəffər Nəsirlinin həmin yazısını ixtisarla ancaq maraqlı məqamları NUHÇIXAN-da dərc etməklə oxucularımıza o dövrün ədəbi mühiti haqqında məlumat vermək istədik. Bu həm tədqiqatçılar, həm də gənc ədəbiyyatçılar üçün maraqlı olar. Qeyd edək ki, Müzəffər Nəsirli Naxçıvanda uzun illər Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan bölməsinə rəhbərlik edib. Şair, dramaturq və ictimai xadim olub. Mövzu Sovet Hakimiyyəti illərində işləndiyi üçün müəllifin yazının bəzi yerlərini dövrün tələbinə uyğun təqdim etdiyi başa düşüləndir.
Sovet hakimiyyəti illərində Naxçıvanda ədəbi həyat
1920-1970-ci illər
...1922 ci ildə Naxçıvan ölkə şuralar qurultayının qərarı ilə Naxçıvanda müəllimlər seminariyası təssis edildi. Əvvəl “Şərq füqərası”, “Füqəra səsi”, “Naxqaray”(Naxkray-Naxçıvan diyarının rusca qısaldılmış şəkli. Red.) adla Azərbaycan və rus dillərində qəzetlər nəşr edildi. Sonra bu qəzet “Şərq qapısı”na çevrildi. Qəzetin nəşri Naxçıvan ölkəsinin mədəni həyatında ilk fərəhli hadisə oldu. Qəzetin nəşri ilə əlaqədar olaraq ədəbiyyat həvəskarlarının və mətbuat işçilərinin böyük bir dəstəsi yetişdi.
Ədəbi gənclik yeni həyatın gətirdiyi azadlıq və səadəti “Şərq qapısı” qəzeti səhifələrində məhəbbətlə tərənnüm etməyə başladı. 1925-26-cı illərdə Naxçıvanda ədəbi mühakimə və ədəbi gecələr təşkil olunurdu. Bakıda yaranmış “Qızıl qələm” ədəbiyyat cəmiyyətinin proletar ədəbiyyatı uğrunda mübarizəsi dövründə onun səsinə Naxçıvanın ədəbi gəncliyi də ilkin səs verdi.
1927-ci ildə Naxçıvan Xalq Maarif Komissarlığı yanında “Qızıl qələm” ədəbiyyat birliyi ilə Naxçıvan komsomol klubu yanında “Gənc qələmlər” ədəbiyyat dərnəyi təşkil olundu və tezliklə dərnəyin ətrafına onlarla gənc toplandı. Lakin istər “Qızıl qələm” və istərsə də “Gənc qələmlər”in fəaliyyəti hələ lazımı səviyyədə deyildi. Köhnəpərəstlər gənclərə öz zərərli fikirlərini təlqin edir və ədəbi gəncliyin məclislərində öz mürtəce şerilərini oxuyurdular.
Belə şairlərdən biri də Mahmud Çakər idi. O, qəzəl və rübailər yazır, yeni ideyaları çətin qavrayırdı. Ədəbi məclislərdə intim-bədbin şeirlərlə çıxış edirdi. Bu da haqlı olaraq yeni nəsli təmin etmirdi.
Lakin buna baxmayaraq şeir həvəskarları müəllim Məhəmməd Rasizadə (H. Cavidin qardaşı) öz şeirlərində Sovet dövlətinin yeni tədbirlərini alqışlayır, “Yeni fikir” və “Şərq qapısı” səhifələrində sosialist quruluşun nailiyyətlərini əks etdirən şeirlərlə çıxış edirdi.
1927-ci ildə Azərbaycan Kommunist (bolşeviklər ) partiyası Mərkəzi Komitəsinin məsul işçisi Ağahüseyn Rəsulov Naxçıvana gələrək Naxçıvanda yaşayan ziyalılar, şair və yazıçıların iclasını keçirdi və mərkəzi komitənin ədəbiyyat sahəsində siyasətinin tarixi əhəmiyyəti haqqında geniş məlumat verdi.
Lakin Naxçıvanda hələ rəsmi surətdə Proletar Yazıçılar cəmiyyəti təşkil olunmadı. Yalnız bir ildən sonra Naxçıvan partiya təşkilatının təşəbbüsü ilə “Gənc qızıl qələmlər” ədəbi birliyi yaradıldı (1928- ci ildə. red.).
“Şərq qapısı” qəzetinin redaktoru Abbas Gülməmmədov və Naxçıvan Muxtar respublikası Xalq Maarifi komissarı V. Həsənzadə, Naxçıvan Mərkəzi İcraiyyə Komitəsi sədri M. Babayev, gənclərdən Əyyub Abbasov, Müzəffər Nəsirli, Əsgər Kəngərli, Nemət Hüseynov, Səkinə Rzalıdan ibarət rəyasət heyəti yaradıldı. Bu yeni ədəbi birliyə Əyyub Abbasov rəhbərlik etdi.
Həmin dövrdə Naxçıvanda yeni ədəbiyyat uğrunda mübarizə gedirdi. “Gənc qızıl qələmlər” ədəbiyyat birliyi artıq fəal ədəbi mərkəzə çevrilmişdi. Naxçıvan şəhər Komsomol klubunda tez-tez ədəbi gecələr və ədəbi mühazirələr təşkil olunurdu.
Tarix elmər namizədi Əli Əliyev “Naxçıvan MSSR mədəni inkişafı ” adlı kitabında bu haqda belə yazır:
“Bu zaman komsomol klubu Naxçıvanda yazıçılar evinə çevrilmişdi. “Qızıl qələmlər” cəmiyyətinin fəaliyyəti getdikcə genişlənərək gənc nəsli özünə cəlb edirdi.” (Ə.Əliyev Nax. MSSR mədəni inkişafı. Səh. 29. Bakı-1958).
Lakin inkar etmək olmaz ki, hələ bu birlik ətrafına toplanmış gənclər püxtələşməmişdilər. Onların əsərləri mərkəzi mətbuatda görünmürdü. Ədəbi məclislər çox zaman istənilən səviyyədə aparılmırdı. Bundan istifadə edən köhnə fikirli şairlər öz bayağı şeirləri ilə gənclərin ədəbi məclislərində çıxış edirdilər.
Bir hadisə heç yadımdan çıxmır. 1927-ci ilin qış fəslində komsomol klubunda ədəbi gecə keçirirdik. Gecəni Əyyub Abbasov aparırdı. Həmin gecəyə şəhərin çoxlu ədəbiyyat həvəskarları toplanmışdı. Gecədə Əsgər Kəngərli, Məmmədəli İstedadlı (Tarverdiyev), Əli Zəbun, Nuru Axundov, Müzəffər Nəsirli yeni şeirlərlə çıxış etdi. İclasda iştirak edən qocaman şair Mahmud Cakər şeir oxumaq üçün söz aldı, bir saqinamə oxudu.
Üstündən bir müddət keçmişdi. “Molla Nəsrəddin”in növbəti nömrəsində birinci səhifədə “Naxçıvan proletar yazıçılar cəmiyyəti sərlövhəli yazı və karikatura verilmişdi. Şəkildə Naxçıvanda təşkil olunmuş ədəbi gecə təsvir edilmişdi. Ortada bir qoca şair, əlində bəyaz, belə bir şeir oxuyurdu:
Saqi-baqi doldur piyaləni hey
Nuş edim mən onu, neydir-ney!”
Görüldüyü üzrə, Cəlil Məmmədquluzadə öz əqidə rəqibi Molla Mahmud Cakəri yenidən satira atəşinə tutub, onu həyatdan yazmağa dəvət etdiyi kimi, bilavasitə özü tərəfindən yazılmış bu məqalədə Naxçıvanda yaradıcılığa başlayan gəncləri köhnəlik təsirindən qurtarmaq istəməsi bizi ruhlandırırdı. Odur ki, gənclərimiz nikbin şeir və hekayələr yazmağa başladılar. Artıq Ə. Abbasov, Ə. Kəngərli, Əli Zəbun və mənim şeirlərim “Komsomol”, “Dan ulduzu”, “Qızıl şəfəq” məcmuələrində, “Gənc işçi”, “Yeni yol”, “Kommunist kəndli” qəzetlərində çap olunmağa başladı. Bu da Naxçıvanda ədəbi həyatın inkişafına geniş yol açdı. Gənclərin ədəbi yaradıcılığa həvəsi gündən-günə artdı.
Muxtar respublikamızda 1926-27-ci illərdə yaranan mədəni yüksəliş gənc yazıçı və şairlərin nikbin bir əhval-ruhiyyə daşımasına imkan yaratdı. Mədəni inqilab dövründə gənc yazıçılarımız azad olmuş vətənimizin xoşbəxt günlərini ilhamla tərənnüm etməyə başladılar.
(ardı var)