Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkəmizdə xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara cari ilin yaşayış minimumu həcmində birdəfəlik ödəmə (190 manat) vəsaitlərinin köçürülməsini başa çatdırıb.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, həmin şəxslərə qeydiyyata alınmaq üçün müraciət zamanı qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndərilib. SMS-i aldıqdan sonra onlara verilmiş bank kartları vasitəsilə vəsaitlərini müvafiq bankın bankomatlarından əldə edə bilərlər.
Xatırladaq ki, bu ilin aprel-may aylarında işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlı 600 min şəxsə, sonralar sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayonlar üzrə 3-cü, 4-cü və 5-ci dəfə birdəfəlik ödəmələr verilib. Budəfəki ödəniş sayca 6-cıdır.
Ümumilikdə cari ildə 190 manat birdəfəlik ödəmələrin verilməsi üçün 450 milyon manat vəsait sərf olunub.