Hesabat dövründə idmançılarımız 152 medal qazanıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Naziriliyində 2018-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. Nazir Azad Cabbarov çıxış edərək bildirib ki, ötən dövr ərzində nazirliyin keçirdiyi 298 tədbirdən 123-ü gənclərlə iş, 175-i isə kütləvi bədən tərbiyəsi və idman sahəsini əhatə edib. Yeniyetmə və gənclərdə vətənpərvərlik hisslərinin yüksəldilməsi, tariximizin unudulmaması və gələcək nəsillərə çatdırılması məqsədilə inşa yazı, şeir, rəsm müsabiqələri keçirilib, gənclərin muzeylərə ekskursiyası təşkil olunub.
Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar gənclərin qış məktəbləri təşkil olunub, yeniyetmə gənclər, əcnəbi tələbələr və gənc müəllimlər arasında intellektual oyunlar, bilik yarışmaları keçirilib, fotomüsabiqə təşkil olunub.
2018-ci ilin birinci yarımilində idmançılarımız ölkə birinciliklərində 79, beynəlxalq turnirlərdə 70, dünya çempionatında 2, Avropa çempionatında 1 olmaqla, ümumilikdə 152 medal qazanıblar.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Naxçıvan 2018” Beynəlxalq Şahmat Festivalı, Naxçıvan Muxtar Respublika Stadionunda futbol üzrə “Heydər Əliyev kuboku” uğrunda turnir, kikboksinq və cüdo üzrə beynəlxalq turnirlər keçirilib. Eyni zamanda ulu öndərin 95 illiyi ilə əlaqədar yeniyetmə və gənclər arasında boks, karate-do, kikboksinq, sərbəst güləş, kişilər arasında voleybol, basketbol, 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında Əyləncəli İdman Oyunları üzrə muxtar respublika turnirləri, Üzgüçülük Mərkəzində yerləşən “Əlincə” Stolüstü Tennis İdman Klubunun məşq zalında stolüstü tennis üzrə muxtar respublika birinciliyi təşkil edilib.
Sonra məruzə ətrafında çıxışlar olub.