Azərbaycan Respublikasının Baş Prokurorluğu Füzuli rayonunda minaya düşən şəxslə bağlı yeni məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətinin NUHÇIXAN İnformasiya Agentliyinə daxil olan məlumatında bildirilib ki, yanvarın 1-də Azərbaycan Respublikasının vətəndaşı Babayev Zabil Qabil oğlu Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində olarkən minaya düşüb və nəticədə ağır dərəcəli bədən xəsarəti alıb.
Zabil Babayev xəstəxanaya çatdırılıb lazımi tibbi yardımın göstərilməsinə baxmayaraq, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 100.2-ci (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb. İstintaqın aparılması Baş Prokurorluğun istintaq idarəsinə həvalə edilib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.