Nə zaman Qarabağın azad olunmasından danışsaq, bax elə o zaman sənin adın çəkiləcək, İbrahim - FOTOLAR

A- A A+

Salam olsun, şəhidim, salam olsun, Vətənin bütövlüyü üçün canını qurban verən  qəhrəmanım. Qürur dolu baxışlarınla köçüb getdin bu dünyadan, ən uca məqama yüksəldin, qardaşım. “Oğul var, evdən gedir, oğul var, eldən gedir” deyiblər. İbrahim, sən eldən gedən oğullarımızdan oldun. Şəhidim, eşitdim ki, sənin hərbçi olmaq ən böyük arzularından biri olub. Hərbçi olmaq istərkən daha böyük zirvəyə çatmısan, qardaşım. Və həmin arzularını gerçəkləşdirməkdən ötrü canından, doğmalarından-hər şeydən, hər kəsdən keçməyə hazır olmusan. Çünki sən ilk əvvəl Vətən deyib, sonra sevdiklərinin adını çəkirdin.

Sənin “ana” adlı nisgilin vardı, qardaşım. O nisgil ki, nə ana qoxusunu, ana qayğısını doyunca ala bilmədin. İbrahim, sənin haqqında qohumlarından, döyüş yoldaşlarından, kimdən soruşdumsa, mərdliyindən, igidliyindən, cəsurluğundan, qorxmazlığından, Vətənə olan sonsuz sevgindən, torpaqlarımızın azadlığa qovuşmağını dilə gətirməyindən ağızdolusu danışırlar. Elə Vətən müharibəsi zamanı döyüşlərə  könüllü, ürəklə  qatılmağın da  doğmalarının sadaladıqlarını bir daha təsdiq edirdi. Sən doğma torpaqlarımıza ayaq basdığın zaman dünyanın ən xoşbəxt insanı olmuşdun, bilirəm. Həyat yoldaşına zəng etdiyin zaman ilk cümlən bu olubdu: “Bu torpaqların havasını ciyərlərimə çəkdiyim zaman dünyanın ən xoşbəxt insanı oluram”. Şəhidim, sən Cəbrayıl, Füzuli, Zəngilan və Xocavənd istiqamətində gedən döyüşlərdə bir tarix yazdın. O tarix ki, heç bir zaman silinməyəcək. Sən adını  əbədiyyət zirvəsinə  ömürlük  həkk etdirdin.

Ay İbrahim, sən döyüş meydanında nigarandın doğmalarından ötrü.  Onlardan xəbər tutan kimi “siz yaxşı olun ki, mən də burada rahat olum” deyirdin. Oktyabrın 30-u idi, sanki hiss etmişdin şəhid olacağını, duymuşdun artıq ali məqama yüksələcəyini, ölümsüzlüyə qovuşmağa hazırlandığını. Həyat yoldaşınla  danışarkən: “bu yolda geri dönməməkdə var, əzizim, əgər mən geri qayıda bilməsəm, səni ailənə və atama həvalə edirəm. Bu gün bizim daha çox duaya ehtiyacımız var. Vaxt gələr, övladlarımıza atalarının keçdiyi döyüş yolundan danışarıq, Gülüsüm, zaman o zaman olacaq ki, sən mənimlə fəxr edəcəksən. Biz namazımızı qılıb Allahdan hər birimizə kömək üçün dua edəcəyik”,- deyib dəstəyi yerə qoymuşdun. İbrahim, demək, gün həmin gün idi... Yarınla danışdıqdan düz yarım saat keçmişdi ki, üzərinə yağan mərmi güllələrindən canını qurtara bilmədin. Elə o andaca gözlərini əbədiyyən  yumub  şəhidlik zirvəsinə  ucaldın, bizinsə qəhrəmanına çevrildin. 30 illik həsrətimizi  sevincimizə çevirənlərimizdən oldun. Adın tariximizin qızıl,şanlı səhifələrinə  müqəddəs Şuşa uğrunda döyüşən və şəhid olan qəhrəman kimi yazılacaq...

Qardaşım, xəbərin varmı, sən şəhidlik məqamına ucalan zaman sanki canın qədər sevdiyin Gülərinə ayan olmuşdu. Yuxuda qapı döyüldüyünü, sənin şəhidlik xəbərinin gətirildiyini görür. Elə bu andaca böyük təlaşla oyanan Gülər tez sənin nömrəni yığır və cavab vermədiyini görür. Gülər artıq yuxusunun gerçək olduğunu başa düşmüşdü o məqamda... 

Dünya yıxılmışdı atanın çiyinlərinə. Atan sənin övladlarının dünyaya gələcəyi, baba adını qazanacağı günü səbirsizliklə gözləyirdi. Daşıdığı sənsizlik yükü nə qədər  ağır olsa da, bir o qədər vüqarlıydı dağ çinarlı atan... Atan, bacın, həyat yoldaşın daha dik baxırdılar ölümün gözünə, daha əzmlə dayanmışdılar dünya pəncərəsi önündə, çünki onlar şəhid ailəsi adını qazanmışdılar. Ay İbrahim, bilirsənmi, atanın yanında adını çəkər-çəkməz cümlələri boğazında düyünlənib qalırdı. “Canımın parçası olan oğlumu itirsəm də, TƏKİ VƏTƏN SAĞ OLSUN. Vətənimizin sağalmayan yaralarını İbrahim kimi mərd oğullarımız sağaltmalıydı əlbət”,- dedi atan.

Şəhidim, doğulduğun Naxçıvan  şəhərinə,dəfn olunduğun Naxçıvan torpağına gəlişinin necə izdihamlı olduğunu gördün, bilirəm. Səni tək ailən, sevdiklərin deyil, bütün Naxçıvan sakinləri qarşıladı həmin gün. O torpaq necə müqəddəsdir ki, sənin kimi qəhrəman oğullarımız tapşırılıb o torpağa. İbrahim, ölümündən sonra cənab Prezidentimiz İlham Əliyevin  sərəncamı ilə “Vətən uğrunda”  medalı ilə  təltif olunmaq xəbəri ayan olar sənə. Bu təltif Ali Baş Komandanımızın öz əsgərinə verdiyi etimadının  göstəricisidir. Xoşbəxtsən ki, həmin əsgərlərdən biri də sən oldun, şəhidim. Xoşbəxtsən ona görə ki, Qarabağ torpağının azadlığına imzasını atan igidlərimizdən oldun. Nə zaman torpaqlarımızın bütövlüyündən söz açılsa, nə zaman Qarabağımızın adı çəkilsə, bax elə o zaman sənin adın çəkiləcək - İbrahim İbrahimov!

Nuray Əsgərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: