2021-ci ildə təxminən 140 milyon uşaq doğulacaq. Onların gözlənilən orta həyat davamiyyəti 84 il təşkil edəcək. NUHÇIXAN İnformasiya Agentliyi BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondundan (UNICEF) bildirilir.
Yeni ilin ilk günündə 370 mindən çox uşaq dünyaya gəlib. Körpələrin təxminən yarısı dünyanın 10 ölkəsində anadan olub: Hindistan – 59 995, Çin – 35 615, Nigeriya – 21 439, Pakistan – 14 161, İndoneziya – 12 336, Efiopiya – 12 006, Amerika Birləşmiş Ştatları – 10 312, Misir – 9 455, Banqladeş - 9 236 və Konqo Demokratik Respublikası - 8 640.
UNICEF-in icraçı direktoru Henrietta For bildirib ki, 2021-ci ilin ilk günlərində doğulan uşaqlar bir il öncəki dünyadan çox fərqli dünyaya göz açıblar.
“Gəlin elə edək ki, 2021-ci il uşaqlar üçün daha ədalətli, daha təhlükəsiz və daha sağlam olsun!”, – deyə Henriyetta For çağırış edib.
O, 2021-ci ildə UNICEF-in 75-illiyinin qeyd ediləcəyini xatırladıb. “Bu gün dünya qlobal pandemiya, iqtisadi tənəzzül, artan yoxsulluq və bərabərsizliyin dərinləşməsi ilə üzləşdiyi zaman UNICEF-in fəaliyyətinə ehtiyac hər zamankindən daha böyükdür”, – deyə Henriyetta For bildirib.