Vətən müharibəsinin Ənvər paşası... - VİDEO
Vətən müharibəsinin qəhrəman oğlu şəhid leytenant Ənvər Əliyev... Atası ona türk hərb tarixində böyük rol oynamış hərbçi və siyasi xadim, şəhid Ənvər Paşanın adını qoyub. Oğluna fəxrlə bu adı qoyanda ata heç ağlına da gətirməzdi ki, oğlu böyüyəcək, elə Ənvər Paşa kimi qəhrəmanlıq göstərəcək.
1997-ci il iyunun 4-də Şərur rayonunun Axaməd kəndində anadan olub. Oxumağa həvəsi onu vaxtından 1 il tez məktəbli etmişdi. Hələ körpəlikdən hərbi geyimə, hərbçi peşəsinə qəlbində böyük bir sevgi bəsləyən Ənvər 2012-ci ildə oxuduğu Axaməd kənd orta məktəbindən Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə daxil olur. Ənvər dərslərində fəallığı, davranışı, vətənpərvərliyi, mənəvi keyfiyyətləri ilə seçilən kursant kimi neçə-neçə fəxri fərmanlara, medallara, təşəkkürnamələrə, “ilin ən yaxşı kursantı” adına layiq görülür. 2015-ci ildə buradakı təhsilini bitirən Ənvər Əliyev nümunəvi intizamı, yaxşı təhsil aldığı üçün Türkiyə Respublikasına, Ankara şəhərində Quru qoşunlarına göndərilir. 2016-cı ildə Vətənə qayıdaraq təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirir. 2020-ci il iyulun 1-də Tərtər rayonunda hərbçi kimi şərəfli xidmətinə başlayan Ənvər Vətən müharibəsində Talış kəndi və Suqovuşan uğrunda gedən döyüşlərdə hünər göstərir. Oktyabrın 14-ü Talış yüksəkliyində 2 əsgəri ilə birgə top mərmisindən şəhid olan Ənvərin ruhu əzəmətli dağların çəni, dumanı ilə birgə göylərə qanad çalır.
Son zəngində anasına dekabrın 20-si gələcəm deyən Ənvər gəldi. Amma dekabrın 20-si yox, oktyabrın 18-i Müstəqillik Günündə al bayrağa bürünmüş tabutu ilə, şan ilə, şərəflə gəldi evinə, elinə…
Ölümündən sonra Prezidentin sərəncamı ilə “Vətən uğrunda” medalına layiq görülən Ənvərin qısa, amma şərəfli bir ömür yolu oldu. Minlərlə insanı Qarabağa getmək arzusuna qovuşdurmağı öz arzularından üstün tutdu… 30 il Qarabağlıyam deyəndə utanan, narahat olan, vətən həsrəti ilə göz yaşları selə dönən insanları Ənvər kimi minlərlə oğullar yenidən Qarabağlı etdilər, yenidən Qarabağa qaytardılar. Onlar minlərlə anaları övladsız, övladları atasız qoydular, ancaq vətənsiz qoymadılar.
NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının Vətən müharibəsinin Ənvər paşası-Ənvər Əliyevlə bağlı hazırladığı videomaterialı təqdim edir:
Türkanə Əmoyeva