Muzdlu işdən gəlir əldə edən və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər bir vətəndaş əldə etdiyi gəlirlərə uyğun olaraq müəyyən edilmiş vergi və məcburi dövlət sosial sığorta haqları ilə yanaşı, icbari tibbi sığorta üzrə sığorta haqlarını müəyyən olunmuş vaxtda büdcəyə ödəməlidir.
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bununla bağlı “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nda bir sıra əlavə və dəyişikliklər həyata keçirilibdir.
Yeni redaksiyada təsdiq olunmuş təsnifat kodlarının məzmununda konkret meyarlar nəzərdə tutulub, eyni zamanda daxilolmalar üzrə uçotun təkmilləşdirilməsi məqsədilə digər vergi və məcburi dövlət sosial sığorta haqları ilə yanaşı, icbari tibbi sığorta üzrə sığorta haqlarının da daha təfsilatlı bölgüsü müəyyən edilibdir.
Qeyd olunan dəyişikliklərlə əlaqədar bütün növ ödənişlərin həyata keçirilməsi zamanı banklarda yarana biləcək problemlərin qarşısının alınması və bu ödənişlərin təyinatı üzrə çatdırılması məqsədilə yenilənmiş büdcə gəlirlərinin təsnifat kodları barədə məlumat Dövlət Vergi Xidmətinin rəsmi internet saytında (http://vergi.nakhchivan.az/) yerləşdirilib.
Fəaliyyətinizlə bağlı risklərin yaranmaması, hər hansı maliyyə itkilərinə məruz qalmamağınız üçün ödənişlərinizin təyinatı üzrə köçürülməsinə diqqət etməlisiniz.