Tarixin sınaqlarından çıxan Naxçıvan

A- A A+

“Naxçıvan əhalisinin milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətləri vardır. Bu gün yüksək potensiala malik muxtar respublika bütün dövlət proqramlarını, infrastruktur layihələrini böyük uğurla həyata keçirməsi sayəsində ölkədə dinamik inkişaf xəttinə uyğun, fasiləsiz aparılan irimiqyaslı quruculuq, abadlıq işlərinin fəal iştirakçısıdır. Naxçıvan hazırda mötəbər beynəlxalq tədbirlərin təşkil olunduğu məkana çevrilmişdir”. Bu fikirlər ölkə Prezidentinin muxtariyyətin  90 illik  yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncamında deyilir.

Tarixdə qalanlar

Naxçıvan torpağı dövlətimiz üçün həmişə strateji əhəmiyyət kəsb edən bir bölgə olub. Arxeoloqların fikrincə, əlverişli təbii-coğrafi mövqeyə malik olan bu diyarda əcdadlarımız qədim daş dövründən məskən salıblar. Qazma, Əshabi-Kəhf, Daşqala, Kilid və Fərhad evi kimi  bir çox qədim mağaralardan əldə edilən çoxsaylı maddi-mədəniyyət nümunələri də deyilənləri təsdiqləyir.

Tədqiqatlar nəticəsində o da sübut olunub ki, eramızdan əvvəl dördüncü minilliyin sonu, ikinci minilliyin əvvəllərində Naxçıvan ərazisində qala-şəhər məntəqələri fəaliyyət göstərib. Yurd yerlərimizdə mütəxəssislər tərəfindən  aparılan qazıntılar nəticəsində mixi yazı nümunələrinin qeydə alınması da regionun qədim tarixə malik olmasının göstəricisi kimi qiymətləndirilib. İnkişaf edib böyüyən bu ərazidən sonrakı illərdə də yaşayışın davam etdiyini sübut edən, şəhərsalma mədəniyyətinin və qədim arxitektura nümunələrinin izləri aşkarlanıb.   

 Şərqlə Qərbin astanası

Xalqımızın tarixi, inancı, inamı  ilə sıx  bağlı olan, milli mənəviyyatı ilə zənginləşən, azərbaycançılıq möhürü ilə möhürlənən  Naxçıvan  coğrafi baxımdan   çox  fərqli bir məkandır.  İki qütbün-Şərqlə Qərbin astanasındadır. Naxçıvandan   ta qədimlərdən karvan   yolunun, ən əsası Şərqlə Qərbi birləşdirən Böyük İpək yolunun burdan  keçməsi də  onun   hansı dəyərə,  hansı qiymətə malik olduğunun göstəricisidir.

Şumerlər, skiflər, Manna, Midiya, Atropatena,  Makedoniyalı İsgəndər, Bizans, Ərəblər.. Bu adlar Naxçıvan tarixinin gəlib-keçmiş dünənidir. Hər birinin Naxçıvanla bağlı hansısa əlaqəsi var. Kimi işğal edib, kimi tarixi səfərlərində adını çəkib.  Amma yenə də  buranın əsl, köklü  sahibləri olan indiki insanların ulu babaları bu torpaqda min illərdir bütün olan-keçənlərin fövqündə dayanaraq yaşayır və qurub-yaradır.  Qurduqları abidələr bunu bizə danışır. 

Məlumdur ki, abidələr hər bir  bölgənin “tarix kitabı”dır. Naxçıvanın  tarixi abidələrinin və onların adlarının  nüvəsində də sadaladığımız tarixi hadisələrlə bağlı gizli bir məna, hansısa hadisənin sirrini özündə gizləyən təsvir, xalqımızın yaşam tərzi, adət-ənənəsi,  məişəti, ümumiyyətlə,  tarixin bir parçası yaşayır. Belə tarixi ərazinin keçmişini bu günə çatdıran yer-yurd, el-oba, dağ, daş, çay, göl, bulaq adları ilə yanaşı, ziyarətgahları, pirləri, məscidləri, türbələri, sərdabələri, qalaları  da bu yerlərin tərcümeyi-halı, əzəli və əbədi yaddaşı, əslimizin, kökümüzün coğrafi ünvanıdır.

Öz maddi- mədəniyyət abidələri, memarlıq məktəbi, milli adət-ənənələri ilə dünya mədəniyyət tarixinə  əvəzsiz incilər bəxş  edən  Naxçıvan var olduğu zamandan   bəşəriyyətə dahilər verən tarixi bir  məkan kimi də şöhrət qazanıb.

Naxçıvan üçün tarixin gərgin və təzadlı dövrü

1918-1920-ci illərdə Azərbaycanın əsas ərazisindən təcrid olunmuş Naxçıvanın nə qədər gərgin və təzadlı bir dövr yaşaması tarixi mənbələrdə öz əksini tamamilə tapıb. Belə ki, faktlar sübut edir ki, həmin dövrdə qısa müddət olmasına baxmayaraq, regionda iki xarici dövlətin-ABŞ və İngiltərənin general-qubernatorluğunun fəaliyyət göstərməsi deyilənlərin təsdiqidir.

O dövrdə də əzəli dədə-baba yurdumuz olan Zəngəzuru ələ keçirməklə kifayətlənməyən ermənilər həm də qədim oğuz-türk yurdu olan Naxçıvana da iddialı idilər. Belə ağır və məşəqqətli dövrdə ermənilərin silahlı basqınlarına mərdliklə sinə gərən Naxçıvan əhalisi yenə də yeganə xilasını doğma Azərbaycanın tərkibində qalmaqda gördü.

1918-ci ilin iyulunda-Azərbaycan Xalq Cümhuriyyətinin yenicə möhkəmləndiyi dövrdə Kazım Qarabəkir Paşanın komandanlığı ilə Naxçıvana gəlmiş XI Qafqaz ordusu ermənilərin bu ərazidən qovulmasında naxçıvanlılara olduqca böyük köməklik göstərdi. Elə həmin ilin noyabr ayında yaradılan Araz Türk Cümhuriyyəti də əhalinin erməni işğalçılarına qarşı mübarizəyə səfərbərliyə alınmasında əhəmiyyətli rol oynadı. Cəmi beş ay fəaliyyət göstərən bu qurum torpaqlarımızın erməni daşnaklarının əlinə keçməsinə imkan verməməklə Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyünə xidmət etdi.

Onu da qeyd etmək lazımdır ki, paytaxtı Naxçıvan şəhəri olan bu siyasi qurumun ərazisi 16 min kvadratkilometr, əhalisi isə 1 milyon nəfərə yaxın olub. Həmin qurum təkcə Naxçıvan bölgəsindəki əraziləri əhatə etməyib. Onun ətrafındakı ərazilər Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Mehri də bu respublikanın tərkibinə daxil olub.

Bu diyar bəşəriyyətə dahilər verib

Tarix boyu fatehlər süfrəsinin matahı olan  Naxçıvan  hərb meydanı, cəng meydanı olub və elə bu səbəbdəndir ki, bu torpağın sakinləri hərbdə, cəngdə bişə-bişə, mətinləşə-mətinləşə  bu günə kimi şərəfli bir yol keçiblər, yaşayıblar. Amma  həmişə yağılara layiqli cavab verməyi bacarıblar.  Təkcə silaha silahla cavab verməyiblər, həm də elmin qabağına elmlə, incəsənətin qabağına incəsənətlə, mədəniyyətin qabağına mədəniyyətlə,  gücün qabağına güclə, inancın qabağına müqəddəslərilə, siyasətin qabağına siyasətlə çıxıblar. Düşməni düşmən kimi, dostu dost kimi qarşılamağı bacarıblar  bu yurdun  insanları. Bu vətənə, bu dövlətə xidməti həyat amalı bilib  Naxçıvanın alimi, dahisi, ziyalısı, şairi, siyasətçisi, əmək adamı.

Torpağına sahib çıxmağı bacaran Naxçıvanlılar  sərhədlərini göz bəbəyi kimi qoruyub  onu bölünməyə, pay olmağa qoymayıblar. Bəlkə elə buna görədir ki, Naxçıvanın insanları da möcüzədir deyirlər. Bənnası bənna kimi, ustası usta kimi yetişib, əsl sənətkar olub. Buna misal yüzlərlə sənət əsərini və sənətkarlıq məktəbini göstərmək olar. Yaxud da  Əcəmi Naxçıvaninin bütün Şərqə səs salan memarlıq, Bəhruz Kəngərlinin rəssamlıq, boyakarlıq və qrafika məktəblərini, Cavidin, Ordubadinin, Cəlil Məmmədquluzadənin, Şaxtaxtiniskilərin, Naxçıvanskilərin və yüzlərlə dahilərin, o cümlədən Ulu Öndərin  irsini, yolunu  göstərmək kifayətdir.

Məmmədquluzadələr, Ordubadilər, Cavidlər, M. Arazlar, Yusif Məmmədəliyevlər, M.T Sidqilər, Tusilər, XX  əsrdə isə Heydər Əliyev kimi nəhəng şəxsiyyəti ilə tarixlərdə yaşayıb və yaşayacaq Naxçıvan. Bu torpaq varı ilə deyil, varisi ilə, fərdləri ilə deyil, mərdlərilə yaşayır.

Bir vaxtlar iqtisadi  məhrumiyyətlərə, siyasi təzyiqlərə məruz qalan bu diyarın övladlarının ruhunu çətinliklər əzə bilmədi. Vətən övladı torpağının, daşının qədir-qiymətini layiqincə bilirsə, yurduna qəlbən  bağlıdırsa, o vətən qorunur, çiçəklənir və nəsillər nəsilləri əvəz edir. Bu torpaq basılmazdır. Çünki bizim üçün  Vətən qeyrət qalası, göz bəbəyidir.

   Çiçəklən, doğma diyar Naxçıvan! Sənə və sənin övladlarına eşq olsun!

                                                                    Şəhla Nəbiyeva

                                                                        Jurnalist

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: