Vətən müharibəsinin qəhrəman şəhidi Kənan Quliyev - VİDEO

A- A A+

Vətən müharibəsində qəhrəmancasına şəhid olan oğullarımız xalqımıza bütöv Azərbaycan qürurunu yaşatdı. Belə igidlərimizdən biri də Culfa şəhərinin fəxri Kənan Quliyevdir.

Vətənin qeyrətli oğlu Kənan Quliyev 11 sentyabr 1992-ci ildə Culfa şəhərində anadan olub. Məktəbi və hərbi xidməti başa vurduqdan sonra  2019-cu ildən müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq  hərbi hissədə sürücü kimi xidmətə başlayıb. Vətən müharibəsi minlərlə vətən övladı kimi Kənanın da  torpaq təəssübkeşliyini, bayraq, millət sevgisini düşmənə nifrət hissini daha da alovlandırdı. Vətən oğlu özünü əsl döyüşçü kimi könüllü olaraq odlu cəbhəyə atdı, öz qanı ilə adını Azərbaycanın şanlı hərb tarixinə yazdı. Xocavənd istiqamətində olan yüksəkliklərin alınması zamanı gedən döyüşlərdə şəhidlik zirvəsini fəth etdi. O zirvə indi tək övlad sahibi olan İlhamə ananın fəxarət ünvanıdır.

Kənanın həyat yoldaşı Aysel xanıma sual verəndə ki onu necə xatırlayırsan, cavabında şəhidlər ölmür, onlar yaşayırlar deyir. Kənanla iki illik ailə həyatı ona dastan kimi gəlir. Kənanın baş rol oynadığı qəhrəmanlıq dastanı. Hər kəs bu dastanı danışır, Kənanın qəhrəmanlıqları ilə fəxr edir.

Öz cəsarəti, qorxmazlığı, vətənpərvərliyi ilə Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlılar dəstəsində xidmət edən yoldaşları Kənanın rəşadətindən bəhs etdikcə fəxarət hissləri keçirməmək mümkün deyil.

Kənan Quliyev Vətən müharibəsində mübarizliyi, döyüşkənliyi və vətənpərvərliyi sayəsində ən uca zirvə olan şəhidlik zirvəsini fəth etdi. Öz ailəsinin başını ucaldaraq Azərbaycan xalqının qəhrəmanına çevrildi. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamı ilə şəhid Kənan Vaqif oğlu Quliyev ölümündən sonra “Vətən uğrunda” medalı, “Şuşanın azad olunması uğrunda” medalı və “Hərbi xidmətə görə” medalı ilə təltif olunub.  Ruhun şad olsun, Şəhidim. İndi sənin canını qurban verdiyin o torpaqlar azaddır.

Naxçıvan televiziyasının əməkdaşları qəhrəman şəhid Kənan Quliyevlə bağlı reportaj hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin reportajı təqdim edir:

                                                                Səftər Sadiqov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: